Dünən Misli Premyer Liqasının 28-ci turu çərçivəsində "Turan Tovuz" - "Sumqayıt" matçında bir məqam diqqətləri çəkdi.

Rekord.az xəbər verir ki, oyun boyu mərkəzi sektordan əlavə, qıraq sektorların birində də bir qrup azarkeş xüsusi canfəşanlıqla fanatlıq edirdi.

Özü də həmin fanatlar baraban və bayraqlarla "silahlanmışdı". İlk təəssürat belə idi Tovuz azarkeşləri yeni fan klub yaradıb. Lakin yerli fanatlarla söhbətdə məlum oldu ki, əslində həmin fanatlar mövsümün əvvəlindən komandanı dəstəkləyən fanatlardı. Sadəcə, sonradan müəyyən söz-söhbətlər yarandığı üçün həmin qrup əsas sektordan kənarlaşmalı olub. İş ondadır ki, AFFA İntizam Komitəsi bir neçə dəfə azarkeşlər meydançaya kənar əşya atdığı üçün "Turan Tovuz"u cərimələyib. Bir qrup fanat da məhz bu səbəbdən əsas sektordan kənarlaşaraq bu məsələdə günahsız olduqlarını sübut etmək istəyiblər. Yəni bundan sonra da meydançaya hansısa kənar əşya atılsa, hər kəs görsün ki, həmin fəal fanatg qrupunun bu məsələdə günahı yoxdur.