Məlum məsələdir ki, Gəncədə bəlli qüvvələr var ki, Tərlan Əhmədovu "Kəpəz"in baş məşqçisi postunda görmək istəmirlər və onun gedişini istəyirlər. Komanda bir dönəm uğursuzluq yaşayanda da onun üstünə gedən, böyük təzyiq göstərib istefasını tələb edənlər də həmin qüvvələr idi. Təbii ki, sonradan komandanın uğurlu çıxışı, Premyer Liqadakı yerini təmin etməsi, həmin qüvvələri susdurdu.

Lakin Rekord.az-a daxil olan məlumata görə, Əhmədovun "Zirə" ilə oyundan sonra yenidən "gedirəm" mesajını verməsi müxalifləri yenidən ruhlandırıb və onlar əməli fəaliyyətə keçmək istəyir.

Bəs həmin qüvvələr "Kəpəz"in baş məşqçisi postunda kimi görmək istəyir? Bu şəxs Xaliq Mərdanovdur. Gəncəlidir, "Kəpəz"də yalnız gəncəli çalışmalıdır" fikrində qəti olan şəxslərdən biridir. Üstəlik, Əhmədova bir nömrəli müxaliflərdəndir. Hansı ki, klubdaxili iclasda onun üzünə "özünə hörmət edən məşqçi istefa verib getməlidir" ifadəsini işlədib iclası tərk etmişdi.

Qeyd edək ki, Xaliq Mərdanov hazırda "Kəpəz-2"nin baş məşqçisidir və komandası I Divizionda 8-ci pillədə qərarlaşıb.