Türkiyənin “Kayserispor” klubu bu yay transfer etdiyi futbolçular üçün təqdimat və imza mərasimi təşkil edib.

Rekord.az xəbər verir ki, mərasimdə çıxış edən klub prezidenti Berna Gözbaşı əvvəlcə heyətdə olan futbolçulardan Pedro Henrike və Qustavo Kampanyaro ilə müqavilənin müddətinin 2023-cü ilin yayına qədər uzadıldığını bəyan edib. Qapıçı Silvio Lunq isə müddəti 2022-ci ilin yayına bitəcək yeni sözləşməyə imza atıb.

Daha sonra klubun bu yay transfer etdiyi futbolçularla rəsmi müqavilələrə imza atılıb. İngiltərədə “Tottenhem”, “Everton” kimi klublarda uzun illər forma geyinmiş Aaron Lennon, Fransanın “Anje” klubundan transfer edilən Harrison Manzala, Yunanıstan “Panatinaikos”undan gələn Dimitrios Kolovetsios, “Kasımpaşa”dan ayrılan İlhan Depe ilə 2 illik müqavilə imzalanıb. 

Portuqaliyanın “Boavişta” klubundan gələn Yav Akkah, Şimali Makedoniya “Vardar”ından transfer edilən Daniel Avramovski, “Başakşəhər”dən alınan Jozef Attamah, “Anje”dən gətirilən Vilfrid Kanqa ilə 3 illik anlaşma əldə olunub. Son olaraq “Qaziantep”in uğurları üçün çalışmış Muğdat Çelik isə Kayseri klubu ilə 1 illik müqavilə bağlayıb.