
“Sumqayıt” strategiyasını dəyişməlidi - Yazı
- 18 Apr 2022 22:03
- 533
Mövsüm yenicə start götürəndə "Sumqayıt" ard-arda 2 turda qələbə qazanmaqla iddiasını ortaya qoymuşdu. Hər halda ötən mövsüm uğurlu çıxışı ilə bürünc medal qazanan, Azərbaycan kubokunun finalında oynayan və Konfrans Liqasına vəsiqə qazanan "Gənclik şəhəri" təmsilçisi, bu uğurlu seriyanı bu mövsüm də davam etdirmək niyyətində idi. Amma nə oldusa, bundan sonra oldu. Komanda ardıcıl xallar itirməyə başladı, çempionatda rəqiblərindən aralanaraq aşağı pillələrə yuvarlandı. Mövsümün ilk yarısı bitəndən sonra uğursuz çıxışa görə, komandanın baş məşqçisi Ayxan Abbasov istefaya göndərildi. 3 ildir klubun baş məşqçisi olan bu şəxsi, klubun tarixinə düşən, komandaya medallar qazandıran, Avropaya aparan Ayxan bəyi daha buraya layiq görmədilər, postundan uzaqlaşdırdılar. Yanvar ayında isə görəvə tanınmış belaruslu məşqçi Aleksey Baqa gətirildi. O Baqa ki, klubu yenidən dirçəltmək üçün əlindən gələni edəcəkdi.
Amma olmadı.
Mövsümün ikinci yarısının bitməsinə az müddət qaldığı bir vaxtda, hələ də belaruslu məşqçi komandanın oyun sisteminə uyğun gəlmir, istədiyi futbolu oynada bilmir. Təbii, bunun da bəlli səbəbi var. Strategiya...
O "strategiya" ki, klub yarandığı vaxtdan "Azərbaycan millisi üçün oyunçu yetişdirmək adı altında" xaricdə oynayan Azərbaycan əsilli oyunçularla yola davam edir. Artıq uzun illərdir bu proses hökm sürür. Bunun da acı nəticəsini ölkə futbolu çəkir. Bir qrup "dəllallar"ın şəxsi maraqları naminə xarici oyunçuları "milli oyunçu" statusu ilə ölkəmizə gətirib, əvvəlcə AFFA-nın maliyyələşdirdiyi kluba "sırıyır", daha sonra isə "milli" komandaya göndərirlər. "Sumqayıt" rəhbərliyi də "menecer fəaliyyəti"ni ənənəvi davam etdirərək, bizim öz futbolçularımızın qarşısını maddi maraqları naminə kəsir. Buna sübut olaraq komandaya yeni gətirilmiş Andrey Popoviçi misal göstərə bilərik. Kluba gəldiyi gün günorta saatlarında müqavilə bağlayıb, axşam isə "Sabah"la matçda debüt edərək kobud səhvlərlə komandasının məğlubiyyətində rol oynamışdı.
"Sumqayıt" uğurlu çıxış etmək istəyirsə, ilk növbədə "strategiya"nı dəyişməlidir. Komandaya legionerlər gətirilməlidir. Əks halda, bunun heç bir faydası olmayacaq. Komanda yerində sayacaq.
Fuad Nəbiyev, "Rekord.az"