Hazırda bütün dünyanın diqqəti Qətərdə keçirilən futbol üzrə dünya çempionatına yönəlib. Bəs, bizim siyasətçilər necə, bu çempionatı izləyirlərmi? Ümumiyətlə, onlar hansı komandalara azarkeşlik edirlər və hansı komandanı çempionluğa daha şanslı bilirlər?

Rekord.az bəzi siyasətçilərimizin fikirlərini sizə təqdim edir:

.

Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov:

“Çempionatı davamlı izləməyəcəm. Azərbaycan komandası oynasaydı məmnuniyyətlə izləyərdim. Ölkəmiz olmadığı üçün konkret komandanı izləmirəm. Boş vaxtım olsa hansısa matçları izləyəcəm. Amma davamlı olaraq izləməyəcəm. Fovaritim də yoxdur. Ona görə də hansısa komandanın çempion olacağını söyləməkdə çətinlik çəkirəm”. 

Musavat Partiyasının sədri Arif Hacılı:

“Qətərdə keçiriləcək Dünya çempionatını yaxından izləyəcəm. İmkan düşdükcə matçları qaçırmayacam. Çox təəssüf ki, çempionatda mənim ən çox sevdiyim Azərbaycan, Türkiyə və Ukrayna komandaları yoxdur. Ona görə də hansısa komandanı yox, gözəl oyunlara azarkeşlik edəcəm. Çempionluğa gəlincə, Argentinanın çempion olmasını istəyirəm. Bu da Leonar Messiyə olan heyranlığımdan irəli gəlir. İstəyirəm ki, Messi tarixdə həm də dünya çempionu kimi qalsın”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn:

“Futbola əvvəlki kimi həvəsim yoxdur. Ona görə də bu dünya çempionatını davamlı olaraq izləməyəcəm. Təbii ki, imkanım olduqca yaxşı oyunlara baxmağa çalışacam. Əvvəllər İspaniya yığmasına azarkeşlik edirdim. Amma indi onları da davamlı izləmirəm. Fovaritim yoxdur. Qoy güclülər qalib gəlsin”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı:

“Mən futbolu çox sevirəm. Və bu çempionatı da imkan düşdükcə yaxından izləyəcəm. Amma yarımfinal və final oyunlarını sözsüz ki, qaçırmayacam. Çünki bu oyunlar bayram kimi olur. Fovaritim yoxdur. Xüsusi azarkeşlik edəcəyim koman da da yoxdur. Təəssüf ki, Türkiyə komandası final mərhələsinə çıxa bilmədi. Amma hər halda çempionatın maraqlı keçəcəyini düşünürəm”.

Azərbaycan Ağ Partiyasının sədri Tural Abbaslı:

“Axşam saatlarında boş vaxt tapdıqca hansısa oyunu izləyəcəm. Bütün oyunları izləmək kimi bir lüksüm yoxdur. Çox istəyərdik ki, Azərbaycan bu çempionatda iştrak etsin. Ona azarkeşlik edək. Azərbaycan olmayanda təbii ki, Türkiyənin orda olmasını istəyirik. Çox təəssüf ki, qardaş ölkə də bu çempionatın finalında yoxdur. Ona görə də davamı azarkeşlik edəcəyim bir komanda toxdur. Ümumilikdə isə Braziliya və yaxud Almaniya komandasının çempion olmasını istəyərdim”.

Mənbə: Bizim.Media