Maksimovun “çətin tapşırığı”
- 13:25
- 107
Bir nəfər çayxanada oturur və belə deyir: “Bu dünyada hər sirri bilirəm, bilmədiyim təkcə odur ki, makaronun ortasındakı deşiyi necə açırlar”.
Özündən demək olmasın, mən də bu dünyada bir xeyli ömür sürmüşəm, azdan-çoxdan həyat təcrübəsinə sahibəm. Ömrümün də əhəmiyyətli bir hissəsini Azərbaycan futbolu ilə maraqlanmağa, bizim futboldan yazmağa sərf eləmiş adamam. Verdiyim əksər proqnozlar, etdiyim təhlillər və məsləhətlər özünü doğruldub. Amma bu o demək deyil ki, mən də Azərbaycan futbolunda hər şeyi bilirəm. Misal üçün, bilmədiyim şeylərdən də biri odur ki, ukraynalı çalışdırıcı Yuri Maksimovu “Araz Naxçıvan”a niyə gətiriblər?!
Atalarımız “bəylə bostan əkənin tağı çiynində bitər” deyiblər. Bu deyimi bütünlüklə Zaur Axundovla işbirliyi quran mütəxəssislərə şamil etmək olar. Adamın futbola, məşqçi və futbolçulara yanaşması tam bir fiaskodur. Pul elə şeydir ki, məşqçilərin gözünü örtür, yenidən onun rəhbərlik etdiyi klubda işləməyə razılıq verirlər. Düzdür, hazırda onun “Araz Naxçıvan”ı idarə etməsi də məsafədən həyata keçirilir. Kağız üzərində klubun rəhbəri o deyil, Ceyhun Sultanovdur. Amma bu təyinatın formal xarakter daşıması, arxadakı gizli fiqurun məhz Axundov olması hər kəsə məlumdur. Nəticə də ortadadır. Belə idarəetmənin əsəridir ki, “Araz Naxçıvan” keçirdiyi 8 oyundan sonra turnir cədvəlinin “zirzəmisindədir”, sonuncu pilləni özəlləşdirib.
Hə, qayıdım Yuri Maksimov məsələsinə. İndi bu “Araz Naxçıvan”ın qarşısında hansı böyük hədəflər dayanıb ki, o hədəflərə çatmaq üçün Maksimovu Azərbaycana qaytarıblar? Maksimovun həmyerlisi Andrey Demçenko ilə yolların ayrılmasının üstündən 4 ay keçməyib. Demçenko “Araz Naxçıvan”a nə qazandırdı ki, indi də onun həmyerlisinə bu “çətin görəv”i tapşırdılar? Komandanın gücü ortadadır. İstənilən adamla mərc edərəm ki, bundan sonra “Araz Naxçıvan” elitadakı yerini qorumaq üçün çalışacaq, qalan bütün hədəflər bu komanda üçün xam xəyaldan başqa bir şey deyil. İndi bu “yüksək hədəf”ə çatmaq nəmənə şeydir ki, onu azərbaycanlı məşqçilər edə bilməzdi, bunun üçün Yuri Maksimovun ayağının altına qırmızı xalı sərib, onu Azərbaycana qaytardılar?
Bəli, razıyam ki, digər ukraynalı mütəxəssis Yuri Vernidubun gəlişi “Neftçi” üçün düşərli oldu. Samir Abasov “Neftçi”ni elə bərbad günə salmışdı ki, ondan sonra komandanı dirçəltmək üçün ciddi işləmək tələb olunurdu. Bunu da Vernidub bacarıb. Ümid edirəm ki, davamını da gətirə biləcək. Amma onun bu uğurunu “Araz Naxçıvan” üçün nümunə sayıb, “bütün ukraynalı çalışdırıcılar xilaskardır” düşüncəsiylə yaşamaq da doğru deyil. O məntiqlə Zaur Axundov Litvaya boylanmalı, Valdas Dambrauskasın həmyerlilərinə dəvət göndərməliydi. Məqsədiniz əcnəbilərlə işləməkdirsə, Maksimovdan sonra mütləq Litvadan məşqçi çağırın. Bir şey dəqiqdir ki, Azərbaycanda da “Araz Naxçıvan”ı böhrandan xilas etməyə, ən azından Premyer Liqada saxlamağa gücü çatacaq yetərincə mütəxəssis vardı. Elə bir vaxtlar Zaur Axundovun üzünü ağardan Elmar Baxşıyev, Tərlan Əhmədov kimilər. Odur ki, Maksimova nahaq əziyyət vermisiz.