“Komandamla fəxr edirəm” - Azər Məmmədov
- 21:40
- 38
“Kəpəz” bu gün Misli Premyer Liqasının 8-ci turunda “Zirə”ni qəbul edib.
Rekord.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra “sarı-göylər”in baş məşqçisi Azər Məmmədovun mətbuat konfransı keçirilib. Məmmədov komandası ilə fəxr etdiyini bildirib:
“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm, çox möhtəşəmdirlər. Komandamla fəxr edirəm. Həqiqətən, çalışırlar yaxşı iş görsünlər. İtkilərimiz var idi, buna rəğmən, yaxşı mübarizə apardılar. Bu gün biz güclü komandaya qarşı oynayırdıq. Demək olar ki, hər il yüksək yerlər uğrunda mübarizə aparırlar. Bu gün yaxşı nəticə qazandıq. Düşünürəm ki, bu bizim üçün uğurdur.
Mənim oynadığım vaxtla indikini müqayisə etdikdə, “Kəpəz” həmin dövrdə yüksək yerlər uğrunda mübarizə aparırdı. İndiki komanda isə yüksək yerlər üçün oynamasa belə, bu qədər azarkeş bizi dəstəkləyir. Əsas fərq budur. Mən inanıram ki, komanda yüksək yerlər uğrunda oynasa, bu stadionun yer sayı azarkeş tutumuna cavab verə bilməyəcək.
Mən bura gələndə bilirdim hansı büdcəli komandaya gəlirəm. Bizim rəhbərliklə danışığımız da olmuşdu ki, “Kəpəz”in hədəfi Premyer Liqada qalmaq olacaq. Və komandanın əsas hədəfi elitada qalmaqdır. Bundan əlavə, yuxarı yerlərdə qərarlaşa biləcəyiksə, niyə də olmasın?
Normalda, ev oyunlarımıza baxanlar görər ki, Azərbaycanda ən yaxşı azarkeş bizim matçlara gəlir. Ancaq mənə də maraqlıdır ki, niyə bu komandaya sponsor gəlməsin? Mən də istəyərdim ki, əməkdaşlıq müqavilələri bağlayaq.
Biz çalışırıq ki, komanda şəklində bir olaq. Komandada kimsə “axsaya” bilər, amma bunun hiss olunmaması üçün əlimizdən gələni edirik.
1-ci Liqadan “Kəpəz”ə oyunçu gətirəndə təzyiq olacağını bilirdim. Sadəcə, Kalunqanı bura dəvət edəndə onun potensialına inanırdım. Mən onu da etiraf edim ki, o, dünyanın ən ucuz legioneridir. Amma görürəm ki, keyfiyyətli futbolçudur”.