Aprelin 5-də Şəmkir Olimpiya İdman Kompleksində “Sağlam bədəndə sağlam ruh” devizi altında kros qaçışı və gimnastika idman növləri üzrə yarışlar keçirilib.

Rekord.az xəbər verir ki, idman yarışının təntənəli açılış mərasimində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşı polis polkovnik-leytenantı Zaur Məcidov, Şəmkir rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Həsənov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri İbrahim Həsənov, Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov və digər qonaqlar iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd bədən tərbiyəsi və idmanın təbliğinə, kütləviliyinə nail olmaq, yeniyetmə və gənclərin idmanın müxtəlif növlərinə marağını artırmaqdan ibarətdir.

“Sağlam bədəndə sağlam ruh” devizi altında kros qaçışı və gimnastika idman növləri üzrə yarışlarda 200-ə yaxın iştirakçı mübarizə aparıb. Qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.