Dünən Misli Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən "Səbail" - "Kəpəz" matçında ciddi hakim səhvi qeydə alınıb.

Rekord.az xəbər verir ki, baş hakim Tural Qurbanov matçın 90+3-cü dəqiqəsində ikinci sarı vərəqədən "Kəpəz"in futbolçusu Tural Axundova qırmızı vərəqə göstərib meydançadan kənarlaşdırır.

Qaydalara görə, qırmızı vərəqə alan futbolçu stadionu tam tərk edib paltardəyişmə otağına gedəndən sonra hakim oyunu davam etdirməlidir. Lakin bu matçın baş hakimi Tural meydançanı tərk etməmiş oyunu bərpa edir və "Səbail" 4-cü qolu vurur. Düzdür, "Kəpəz" üçün ciddi əhəmiyyət daşımaya bilər, çünki oyun onsuz da getmişdi. Amma hakim adına ciddi nöqsan sayılmalıdır.

Daha bir nöqsan isə 4-cü hakim Namiq Bəkirovla bağlıdır. Belə ki, 77-ci dəqiqədə "Səbail"də əvəzləmə zamanı 7 nömrəli Ruslan Hacıyevin əvəzinə meydançaya 22 nömrəli futbolçu Samir Abdullayev çıxsa da, Bəkirov elektron tabloda 12 nömrəni qaldırdı. Halbuki "Səbail"də 12 nömrəli formanı geyinən qapıçı Hüseynəli Quliyev həmin vaxt meydançada idi.