“Şamaxı” bu gün Misli Premyer Liqasının 18-ci turunda “Kəpəz”lə qarşılaşıb.


Rekord.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçdan sonra “şirlər”in baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı olub. Abbasov 2:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:


“Mühüm qələbə idi. Çempionatda ən vacib xallarımızı qazandıq. Çünki rəqib “Qarabağ” səfərindən üç xalla qayıtmışdı, yaxşı motivasiyaları var idi. Ötən turda üzücü məğlubiyyət almışdıq. Amma buna baxmayaraq, futbolçularımın reaksiyası xoşuma gəldi. Onları təbrik edirəm. Yolumuza davam edirik.


Bilirdik ki, ikinci hissədə rəqib üstümüzə gələcək. Ötən oyun 0:4 hesabla uduzmağımıza baxmayaraq, ən yaxşı oyunlarımızdan biri idi. Məğlub olduqdan sonra yaxşı təhlillər apardıq. Şanslarımız olur, dəyərləndirə bilmirdik.


Təəssüf ki, bu gün bizdə oyuna yox, nəticələrə üstünlük verilir. Amma biz oyunçu yetişdirmək istəyirik. Gənc oyunçuları qazandırmağa çalışırıq, bu işin üzərində işləyirik.


Biz məğlub olan kimi milli komanda amili qabardılır, gərək məğlub olmayaq. İnanın ki, mən fasilədə öz istirahətimi bütövlükdə milliyə həsr etdim.


İtkilər olacaq. Rikardo gələn oyunda olmayacaq. Dördüncü sarı vərəqəsini aldı bu gün. İnanın ki, vaxt axtarıram Abdulla Rzayevi meydana buraxam. Bu gün ən yaxşılardan biri idi. “Qarabağ”la kubok matçında olacaq-olmayacaq, hələ ki, bilmirəm”.