"Keşlə"nin Şamaxı səfərinin növbəti dəfə təxirə düşməsi müxtəlif söhbətlərə yol açdı. Çünki komandanın yeni adla martın 18-də Şamaxıda "Sumqayıt"ı qəbul edəcəyi demək olar ki, dəqiqləşmişdi. Şamaxı stadionunun rəhbərliyi də bunu açıqlamışdı, "Keşlə"nin baş məşqçisi də "Səbail"lə oyundan sonra "bu, "Keşlə" adı ilə son oyunumuz idi" açıqlamasını vermişdi, PFL də Şamaxı stadionunu təftiş edib proble aşkarlamamışdı. Lakin köç yenə yubandı. Bu, stadionun hazır olmamasına dair şübhələr ortaya çıxarsa da, həm AFFA, həm də PFL açıqlama verərək stadionla bağlı heç bir problemin olmadığını bildirdilər. Lakin "Sumqayıt"la oyunun niyə Şamaxıya təyin olunmamasının əsl səbəbini açıqlamadılar.

Rekord.az isə məsələ ilə bağlı maraqlı məlumat əldə edib.

Etibarlı mənbələrdən ötürülən məlumata görə, Şamaxı stadionunun süni örtüklü qazonu yüksək keyfiyyətə malik deyil. Çox sərt və həddindən artıq möhkəmdi. El dili ilə desək, beton kimidir. Bu cür qazonda qış aylarında oyun keçirmək çox təhlükəlidir. Üstəlik, isitimə sistemi də olmadığı üçün qarlı, şaxtalı havada süni örtük donur və daha bərk olur. Bu isə futbolçuların həyatı üçün ciddi təhlükə yarada bilər. UEFA-nın stadiona beynəlxalq sertifikat verməsi də şübhə doğurur. Çünki AFFA bununla bağlı məlumat açıqlasa da, sertifikatı ictimaiyyətə təqdim etməyib. 

Qeyd edək ki, Şamaxı stadionunun süni örtüyü də AFFA tərəfindən salınıb.