Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev millidə çalışdığı dönəmlərdə baş vermiş milliləşirmə siyasətindən danışıb.

Rekord.az xəbər verir ki Azərbaycan radiosunda yayımlanan “Extra time” verilişində qonaq olan təcrübəli mütəxəssis bu məsələyə görə onu qınayanlara cavab verib.

Diniyev o dövr bu addımı məcburiyyətdən atdığını deyib: “Əslində bunun bünövrəsini mən qoymamışam. Məndən əvvəl də bizim milli komandaya Dağıstandan və Çeçenistandan futbolçular cəlb olunub. Öz dövrümdə bu prosesin yaşanmasına gəlincə bunu məcburiyyətdən etmişik. Mən millidə baş məşqçi olanda çempionatda limit 3+8 idi. Yəni hər komandada cəmi 3 yerli futbolçunun oynamasına icazə verilirdi. Həmin futbolçuların da əksəriyyəti yaşlı futbolçular idi. Bəzən “Neftçi”nin yaxud “Xəzər Lənkəran”ın “Bakı”nın oyununa 2 yerli futbolçunun çıxışını izləmək üçün gedirdim. Yəni seçim yox idi böyük əksəriyyət legionerlər idi. Ehtiyatda oturan yerlini də milliyə çağırsan o effekti verməyəcəkdi. Çünki oyun praktikası yox idi. Bizə isə oyun praktikası olan futbolçular lazım idi. Ona görə bu addımı atmalı olduq”.