"Sabah"ın şansı olacaq - şərh
- 01:12
- 29
Yaxşı qurtardıq.
Yordular bizi. Həm fiziki, həm də psixoloji yordular və istəklərinə çatdılar. Son yarım saatdakı gedişatı nəzərə alsaq, top fərqi daha da böyük ola bilərdi. Ona görə də üzülməyə dəyməz. Bunun Bakıda cavabı var və orada vəziyyəti düzəltmək üçün yetərincə şansımız olacaq.
Matça yaxşı başlamışdıq. Rəqibi əks hücumda tutub qol da vurduq, sonrasında da üstünlük bizdə idi. Kombinasiyalı, sürətli oyun oynayır, şanslar əldə edirdik. Ancaq artıq ənənəvi sayılacaq bitiricilik problemimiz qısa müddətdə dəfələrlə özünü göstərdi (bütün oyun boyu bu problem davam etdi). Xüsusilə Mikelsə suallar çoxdur. Bu futbolçu həm özü fərqlənmir, həm də komanda yoldaşlarına fərqlənmək imkanı yaratmır. Bir neçə epizodda pas vermək əvəzində fərdi oyuna üstünlük verməsi "Sabah"ı bəlkə də qələbədən etdi. Onunla ciddi söhbət edilməli, tənbeh olunmalı, "qulağı burulmalı"dır. Bu durum bir, ya iki matç deyil belədir.
"Hapoel" isə əksinə, məhz komanda oyunu ilə qalib gəldi. Pressinqin altından əla çıxdılar, təzyiqə dözdülər, qol buraxandan sonra belə stress altına düşmədilər. Ağıllı, təmkinli, intizamlı davrandılar, səmərəsini də gördülər. Yəni ayaqları yox, həm də başlarıyla üstələdilər bizi.
Cavab şansımız var. Rəqib güclüdür, çətin komandadır. Ancaq ideal da deyil. Müdafiədə də xeyli səhvləri oldu, hücumda da qeyri-effektivlik nümayiş etdirdilər. Yenilməyəcək, keçilməyəcək bir kollektiv deyillər. Artıq nələrə qadir olduqlarını, güclü-zəif tərəflərini gördük, sürprizləri qalmadı. Qorxulası, indidən təslim olunası rəqib heç deyillər. Bir az daha çox əzmkarlıq, daha diqqətli oyunla onları geridə qoya, ÇL-ə vəsiqə qazana bilərik. Mümkündür, ehtimal da az deyil.
İnanmaq lazımdır.