
"Sabah" bu futbolçuları göndərəcək?
- 12 Mar 2022 15:00
- 1042
Uğursuz mövsüm keçirən “Sabah” yayda növbəti dəfə heyətində islahatlar aparacaq.
Rekord.az xəbər verir ki, baş məşqçi Murad Musayev öz komandasını formalaşdırmaq üçün bir çox oyunçunu yola salacaq.
Rusiyalı mütəxəssisin ilkin “qara siyahı”sı da artıq məlumdur. Əcnəbi futbolçulardan Xulio Sezar Rodriges və Mixeil Erqemlidze çalışdırıcının gələn mövsüm üçün planlarında yoxdur. Hücumçulardan Rodrigesin müqaviləsi mövsümün sonuna qədərdirsə, Erqemlidze ilə bağlı vəziyyət fərqlidir. Gürcüstanlı forvardın sözləşməsi 2024-cü ilə qədərdir. Bakılılar yayda onunla vidalaşmağın yollarını axtaracaq.
Murad Musayevin bəyənmədiyi yerlilər isə müdafiəçi Slavik Alxasovla yarımmüdafiəçi Şakir Seyidovdur. Slaviklə yayda başa çatacaq müqavilənin yenilənməməsi gözlənilir. Seyidov isə ya icarəyə veriləcək, ya da anlaşması ləğv olunacaq.
Həmçinin gənc yarımmüdafiəçi İldar Alekperovun da oyun praktikası toplaması üçün yerli klublardan birinə icarəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, “Sabah” 18 turdan sonra 23 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır. (apasport.az)