"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeş Portuqaliya millisindəki və "qırmızı şeytanlar"dakı komanda yoldaşı Kriştiano Ronaldonun klubdan ayrılacağı barədə yayılan məlumatlara münasibət bildirib. 

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi heç kimin 37 yaşlı hücumçunun getməsini istəmədiyini deyib:

"Ortada bir çox fərziyyələr var. Bunlar haqda Ronaldonun danışması yaxşı olar. Bildiyim şeylər olsa belə, bunları demək mənə düşməz. Hazırda Ronaldo "Mançester Yunayted"in futbolçusudur. Onun klubdan ayrılıb-ayılmayacağını bilmirəm. Özünün də dediyi kimi, yaxında açıqlama verəcək. Nələr deyəcəyini görəcəyik. Klubda Ronaldonun getməsini istəyən kimsə yoxdur. O, yüksək səviyyətə futbol oynamağa və qollar vurmağa davam edə bilər. Amma qərar onundur. Ronaldo qalsa, şad olarıq. Amma özü üçün ən yaxşısının bu olduğunu düşünüb ayrılsa, şəxsən mən onun adına sevinərəm. Əsas şey onun xoşbəxt olmağı və ölkəmizi qürurlandırmağa davam etməyidir".

Qeyd edək ki, Bruno 2020-ci, Ronaldo isə 2021-ci ildən "Mançester Yunayted"də oynayır.