"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sumqayıt"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:


“Vacib oyuna çıxmışdıq. Kubok oyunlarının cavab matçları xüsusilə gərgin və stressli olur. Bu qarşılaşmalarda sonradan səhvi aradan qaldırmağa vaxt olmur. Üzərimizdə gərginlik var idi. Futbolçularıma təşəkkür edirəm. Yüksək peşəkarlıq göstərdilər. Bundan sonra kubok və Premyer Liqada əsas mərhələyə giririk. Əvvəlkindən daha çox işləməliyik.


“Sumqayıt” hücum fazasında güclüdür. Rəqibə qol şansı vermədən qalib gəlmək daha önəmli idi. Bu gün də, əvvəlki matçlarda da uduza bilərdik. Onlara uğurlar arzulayıram.


“Turan Tovuz"un gücü hamıya bəllidir. Mən də sizin kimi yarımfinalda "Turan Tovuz"u daha yaxın görürəm. Amma hələ cavab matçı var. Ondan sonra rəqib haqda fikir bildirə bilərik. İndi "Kəpəz"lə çempionat oyununu düşünəcəyik.


Tam heyətlə hazırlaşmışdıq. Ən vacibi bu idi. Yetərincə heyətimiz var ki, rotasiya edək. Düşünürəm ki, ehtiyac olduqca, komanda buna hazırdır. Vacib perioda giririk. Mütləq şəkildə hamının oynamaq şansı olacaq. Futbolçular özləri də oynamaq istəyirlər”.