Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubunun mətbuat xidmətinə müsahibə verib.

Rekord.az xəbər verir ki, 24 yaşlı futbolçu yeni klubunda özünü yaxşı hiss etdiyini bildirib: 

“Məşqlərdə var gücümüzlə çalışırıq. Komandamızda yaxşı futbolçular var. Burada özümü çox rahat hiss edirəm. "Qrasshopper" böyük klubdur. Kollektivə bu qədər tez uyğunlaşacağımı gözləmirdim”.

Dadaşov karyerasında etdiyi səhvlərdən dərs aldığını vurğulayıb: “Vurduğum qollarla özümə və hər kəsə eyni Renat olduğumu göstərirəm. Ümid edirəm ki, zaman keçdikcə çıxışıma görə mənə qiymət veriləcək. Yaşadığım təcrübələr məni daha da güclü edir. İntizamlı olmaq mənim hobbimdir".

Forvard yeniyetmə yaşlarından avtomobillərə böyük həvəs göstərdiyini, lakin indi bu mövzuda fərqli düşündüyünü söyləyib: "Üç il əvvəl sahib olmaq istədiyim avtomobillərin siyahısını tərtib etmişdim. Amma bunun lazımsız olduğunu bilirəm. Almaniyadakı maşınım hazırda təmir olunur, sonra İsveçrəyə gətiriləcək. Sürixdə böyük maşına ehtiyacınız yoxdur. Avtomobil məni yalnız gedəcəyim ünvana çatdırmaq üçün lazımdır".

Azərbaycan yığmasının üzvü ailə bağlarının möhkəm olduğunu və Almaniyanın "Şalke" klubunun əvəzedici komandasında çıxış edən qardaşı Rüfət Dadaşovla hər gün danışdığını sözlərinə əlavə edib: "İsveçrəyə gələndən ailəm iki dəfə mənə baş çəkib. Qardaşım da peşəkar futbolçudur. Bir-birimizin oyunlarını izləyir və hər gün əlaqə saxlayırıq".