Türkiyədə çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimova növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Kuzeyboru" 24-cü turda "Sarıyer BLD" klubunu qəbul edib. 

Görüş gəginliyi ilə yadda qalıb. Meydan sahibləri çox çalışsalar da rəqib daha dəqiq oynayıb. 3 hissə davam edən matçda Polina və rəfiqələri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (24:26, 26:28, 17:25).

Aksaray təmsilçisinin yenə xalsız qaldığı qarşılaşmada milli voleybolçumuz 20 dəfə fərqlənməklə komandasının heyətində ən məhsuldar oyunçu olub. Rəhimova bu xalladan 18-ni hücumda, 2-ni isə eyslə qazanıb.