
Region Liqasına qatılacaq komandaların sayı, püşkatma və start tarixi haqda AÇIQLAMA
- 17 Sen 2022 18:00
- 608
Premyer-liqada 6, birinci divizionda artıq 4 tur geridə qalsa da, Region Liqasında yeni mövsümə nə vaxt start veriləcəyi hələ məlum deyil.
Rekord.az xəbər verir ki, həvəskar status daşımasına baxmayaraq, sözügedən turnirə ölkədə, xüsusilə bölgələrdə yetərincə maraq var.
“Football-plus.az” saytının əldə etdiyi məlumata görə, yeni “futbol ili”ndə liqada yeni komandalar mübarizə aparacaq. Söylənilənlərə aydınlıq gətirmək və turnirin nə vaxt başlayacağını öyrənmək üçün Region Liqası üzrə İşçi Qrupun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə əlaqə saxladıq:
“Yeni mövsümdə Region Liqasında neçə komandanın mübarizə aparacağı ilə bağlı sualınıza sentyabrın 20-də cavab verə biləcəm. Hələ ki iştirak etmək istəyən komandaların müraciətləri nəzərdən keçirilir. Bildiyiniz kimi, müəyyən şərtlər var ki, onlara cavab verməlisən. Böyük ehtimalla Region Liqasında 2022/23 “futbol ili” oktyabrın əvvəlində start götürəcək. Püşkatma da həmin ərəfədə olacaq. Ehtimal olunur ki, komanda sayı əvvəlki illərdə olduğu kimi 30-36 aralığında dəyişəcək. Komandalar yenə zonalar üzrə bölünəcək. Naxçıvan Muxtar Respublikasında da iştirakçı sayının təxminən ötənilki səviyyədə olacağı gözlənilir”.