
Ramiz Məmmədov: "Qarabağ" istisna, istənilən komandadan xal almaq gücündəyik" MÜSAHİBƏ
- 07 May 2023 11:00
- 950
Təcrübəli futbol veteranı, Azərbaycan millisinin sabiq üzvü, hazırda "Şamaxı" Futbol Akademiyasının koordinatoru vəzifəsində çalışan Ramiz Məmmədov "Şamaxı" - "Zirə" (0:3) matçından sonra Rekord.az-a müsahibə verib:
- "Şamaxı" bu gün böyük hesabla uduzdu və mövsümdə bəlkə də ən zəif oyununu oynadı. İsti-isti təəssüratlarınızı alaq, böyük hesablı məğlubiyyətə səbəb nə oldu?
- Hardasa deyərdim, zəif oynadıq. Bunu da bağlayardım orucluq bayramına. Bir tərəfdən xoşdur ki, futbolçularımızın əksəriyyəti oruc tutur, namaz qılır. Digər tərəfdən isə rejimi düzgün qura bilmədilər. Çünki Ramazan bayramından sonra bərpa olunmaq çox çətindir. Futbolçuların düzgün qidalanması və rejim saxlaması çox vacibdi.
- Onlara nəzarət olmayıb, ya necə?
- Nəzarət olub. Amma mənə belə gəlir ki, bəzi futbolçular qidalanmanı və istirahəti düzgün etməyib. Həmin yorğunçuluq da bu gün özünü meydançada büruzə verir. Yorğundular və çatdırmırlar.
- Yəni bu yorğunluğu mövsüm sonu yorğunluğu adlandırmazdınız...
- Bəli. Çünki bu, həmin futbolçulardı ki, bu günə qədər 23 xal yığıblar. Cavid Hüseynovun, Vüqar Əsgərovun gördüyü işi həmişə qiymətləndirmişəm. Həqiqətən bu günə kimi yaxşı nəticə veriblər.
- Mövsümün sonuna 3 tur qalıb və "Səbail"lə müqayisədə sizin təqvim daha çətin görünür. "Neftçi", "Qəbələ" və son turda "Səbail"lə oynayacaqsınız. "Şamaxı"nın elitada yerini qoruması üçün nə etməsi lazımdı?
- İlk gündən mən bu komandaya inanmışam. Klub rəhbərliyi də inanır. Məşqçilərimizin işindən razıyıq. Elə bir zamanda yığıldıq ki, hazırlıq üçün vaxtımız olmadı. Bundan başqa, heyətdə təcrübəli futbolçularımız da az idi. Ümumiyyətlə, ortada yerli futbolçu qalmamışdı. Bu şərtlər altında formalaşmağımıza baxmayaraq, komandamız yaxşı təsir bağışladı və uşaqlar 23 xal yığdı. Əgər bu günə qədər bu qədər xal yığıblarsa, son turlarda da mübarizədən qopmayacaqlar. Bu mövsüm bizim iki dəfə şansımız olub ki, "Neftçi"dən xal alaq. Ümumiyyətlə, "Qarabağ" istisna, istənilən komandadan xal almaq gücündəyik.
- Siz futbolçu kimi ən çətin situasiyaya düşmüsünüz. Serbiya və Çernqoriya ilə səfər matçını nəzərdə tuturuq. Hansı ki, o səfərdən xal gətirən futbolçulardan birisiniz. Qarşıdakı 3 turda "Şamaxı"nın gənc futbolçularına nə deyə bilərsiniz?
- Komandada olan təcrübəli futbolçular bu durumda sözünü deməlidi. Amil Yunanov, Elvin Məmmədov, Rəşad Əzizli, Cəlal Hüseynovun özünü də təcrübəli saymaq olar. Bu futbolçular cavan futbolçuları oyuna kökləməli, klubdaxili ab-havanı yüksəltməlidir. Çünki bu komanda bu günə kimi 23 xal yığan komandadır.
- Son turda "Səbail"lə üz-üzə gələcəksiniz və elitanı tərk edən komandanın adı məlum olacaq. "Səbail"in baş məşqçisi Şahin Diniyev məsələni son tura kimi həll etmək istəyir. Sizdə vəziyyət necə olacaq?
- Hər iki komanda üçün son turlar ağır qrafiklə heçəcək. Bu mənada razıyam, Premeyer Liqada qalmaq məsələsi son tura qədər davam edəcək. Bununla belə, inanıram ki, son tura qədər biz də elitada qalmaq məsələsini həll edə bilərik.
- AFFA-nın baş katibi Sərxan Hacıyev Premyer Liqada sonuncu pilləni tutan komandanın Premyer Liqanı tərk edəcəyini bir neçə dəfə qeyd edib. Buna hazırsınız?
- Arzulamıram ki, belə bir sonluq olsun və buna heç hazır da deyilik. Açığını deyim, son 7-8 ilin ən yaxşı çempionatını izləyirik. Mən hələ mövsümün əvvəlində, bir neçə tur oynanılandan sonra bu fikri demişdim ki, hazırkı 10 komandaya daha iki komanda əlavə edib, çempionatdakı komanda sayını artırmalıyıq. Çünki son məlum limitə görə, biz 97-98-ci il təvəllüdlü xeyli futbolçunu itirdik. "Şamaxı"nın sayəsində bu mövsüm bir qisim yerli futbolçuları futbola qaytara bildik. Çoxları deyirdi ki, komanda sayl artsa, oynamağa futbolçu olmayacaq. Amma biz bunun əksini sübut edə bildik. Buna əsasən deyirəm ki, bu gün Premyer Liqada komanda sayını artırmaq lazımdır. Xüsusilə bölgə klubları çempionata cəlb olunmalıdır ki, bölgələrdə futbola maraq daha da artsın, uşaqları pis vərdişlərdən uzaq tutub idmana cəlb edək. Çox ümid edirəm ki, AFFA Azərbaycan futbolu naminə ən doğru qərarı verəcək.
Anar XANLAROV, Şamaxı