Rahid Əmirquliyev: "Yeddi dəqiqəyə üç qol buraxmaq bizə yaraşmır" - MÜSAHİBƏ
- 2019-11-24 13:00
- 695
Səbail"in kapitanı Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Sabah”a (1:3) qarşı keçirilən görüşdən sonra jurnalistlərə müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- "Səbail" "Sabah"la oyundan da məğlub ayrıldı. Nu dəfə niyə alınmadı?
- Bizi çətin oyun gözlədiyini bilirdik. Həm "Sabah"a, həm də bizə xal lazım idi. Evdə oynadığımıza görə üstünlük bizdə idi. Deməzdim ki, pis oynadıq. Xüsusilə ikinci yarıda yaxşı oynadıq. Qol vuraraq hesabda da önə keçdik. Təəssüf ki, hesabı sona qədər saxlaya bilmədik.
- Final fitinə təxminən 15 dəqiqə qalmış hesabı açdınız. Ancaq matçın sonunda üstünlüyü əldən verdiniz. Buna nə səbəb oldu?
- Matçın bitməsinə 7 dəqiqə qalmış üç qol buraxdıq. Bəlkə də diqqətsizlik oldu. Uşaqlar hücuma getdilər, qələbə qolunu vurmaq istəyirdik. "Sabah" bizi əks-hücumda tutdu. Futbolda belə şeylər tez-tez olur. Sadəcə, nəticə çıxarmaq lazımdır. Yeddi dəqiqəyə üç qol buraxmaq bizə yaraşmır.
- Kənardan baxanda çox yorğun görünürdüz...
- Ola bilər ki, yorğunçuluq var idi. Amma bilmirəm, oyuna həmişəki kimi hazırlaşmışdıq. Deməzdim ki, çox yorğun idik. Ola bilər ki, kənardan belə görünsün. Ancaq 90 dəqiqə oynamaq gücüm var idi.
- Səncə, "Sabah" çox güclü oynadı?
- Deməzdim ki, onlar bizdən güclü idi. Bizim qol imkanlarımız da var idi, istifadə edə bilmədik. "Sabah"dan yaxşı oynadıq. Xüsusilə də ikinci yarıda. Sadəcə, yaxşı oyuna görə xal vermirlər.
- Ağabala Ramazanov və Mirabdulla Abbasovun olmaması oyununuza nə dərəcədə təsir etdi?
- Hər ikisi bizim aparıcı oyunçularımızdır. Onların yoxluğu hiss olundu. Ağabala və Mirabdullanı əvəz edənlər də pis çıxış etmədi.
- Adil Nağıyevin qırmızı vərəqə alması nəticəyə həlledici təsir etdi, deyə bilərik? Çünki meydanda 10 nəfərlə qaldıqdan sonra üç qol buraxdınız...
- Düzdür, 10 nəfərlə qaldıqdan sonra üç qol buraxdıq. Lakin uduzmağımız onunla bağlı deyil. Sadəcə, diqqətsizlik oldu.
- Tur keçdikcə "Səbail" zirzəmiyə yuvarlanır. Artıq 8 oyundur ki, qalib gələ bilmirsiniz. Nə baş verir?
- Nəsə baş vermir. Əvvəl necə idisə, indi də elə gedir. Yaxşı oyunlarımız da oldu, sadəcə, qalib gələ bilmirik. Bir qələbə ilə "qara zolaq"dan çıxa bilərik. Komandanın özünə gəlməsi üçün bir qələbə çatışmır. Daima uduzanda komandada inam da qalmır.
- Qarşıdakı mövsümdən karyeranı davam edəcəksən, yoxsa yox?
- Görək də, gücüm qalsa davam etdirəcəm (gülür). Hələ ki, oynamağa gücüm var.