Vasif Vəliyev: "Akademiyaya kateqoriyasız müəllim götürmürük" - MÜSAHİBƏ
- 11:00
- 40
"Kəpəz" Futbol Akademiyasının rəhbəri Vasif Vəliyev Rekord.az-a müsahibə verib:
- Akademiyada hazırda ümumi vəziyyət necədi?
- Vəziyyət normaldı. Uşaq baxımından problemimiz yoxdur. Gəlirlər, hazırlaşırlar, məşq edirlər, çempionatda da iştirak edirik.
- Neçə yaş qrupundan ibarət komandanız var?
- 11 yaş qrup oğlanlardan ibarətdir, İki yaş qrupu da qızlardan. Bir yaş qrupu var idi, bu ldən də birini artırdıq. 16 yaş, bir də 12 yaş. Hər iki komanda da ölkə çempionatında çıxış edəcək.
- Bəs hansı yeniliklər var? Səhv etmirəmsə, artıq 3 ildir burada rəhbər kimi çalışırsınız.
- İlk növbədə çalışdıq ki, infrastrukturla bağlı yeniliklər edək. Meydançanın işıqlandırmasını düzəltdik. Artıq qruplarımız tam şəkildə məşq edə bilir. Bu ildən etibarən akademiyaya cəlb olunan istedadlı uşaqların burada qalmasını də təmin etmişik. "Kəpəz"ə 0-dan götürülmüş 2014-cü il təvəllüdlü futbolçular var ki, onların inkişafına çalışırıq.
- Gəncə Azərbaycan futbolunun beşiklərindən sayılsa da, son illərdə bu məsələdə durğunluq yaşanır. Millidə və iddialı klublarda çıxış edən gəncəli futbolçular demək olar yoxdur. "Kəpəz"in əvvəlki şöhrətini qaytarmaq üçün nələr edilməlidi?
- Bunun əsas səbəbi "Kəpəz"in Premyer Liqada fasilələrlə çıxış etməsi olub. Çünki klub Premyer Liqada olanda akademiya yaradılır, Premyer Liqanı tərk edəndə ləğv edilir. Şükür Allaha 5 ildir davamlı Premyer Liqada çıxış etdiyimiz üçün dayanıqlığı təmin edirik. Gəncədə futbola maraq var, akademiyaya axın var. Biz də çalışırıq işimizi bu yöndə quraq, şəhərin digər futbol məktəbləri ilə də davamlı əməkdaşlıq edək ki, ordakı istedadlı uşaqları da "Kəpəz"ə cəlb edək.
- Seleksiya işini necə aparırsınız?
- Zona yarışları bir Göygöldə keçirilir, bir də bizim məşq bazamızda. Məşqçilərimiz həmin yarışda iştirak edən istedadlı uşaqları qeyd edirlər, biz də müəllimləri ilə danışıb həmin uşaqları akademiyamıza cəlb edirik. Bundan başqa, ildə iki dəfə, yanvar və iyun ayında- seleksiya işi həyata keçiririk. Gəncə, Göygöldən tutmuş, Samux, Goranboy, Şəmkir, bütün Qərb zonasından hər kəs gəlib o seleksiyada iştirak edə bilər.
- Hazırda "Kəpəz"dən aşağı yaş qruplarından ibarət millilərə dəvət alanlar varmı, onların perspektivini necə görürsünüz?
- Raul İsaqov və Şahnur İsmayılovu xüsusi qeyd edərim, çox perspektivli uşaqlardı. Raulu bu yaxınlarda milli komandaya da dəvət ediblər. Bundan başqa, 2012-ci il təvəllüdlü uşaqlar arasında seleksiya məşqləri oldu və orda Yusif Rəhimlini seçiblər, U-15 milisinə.
- Raulun üstündə xüsusi dayanmaq istəyirəm, çünki son günlər adı daha çox hallanır. Onun üzərində nəzarət necə qurulub? Çünki etiraf edək ki, bizim istedadlı yeniyetmələr bir az tanınan kimi, sanki ulduz xəstəliyinə tutulur...
- Onların həm məşqləri, həm də oyunları gözümüzün qabağındadır, mütəmadi izləyirik. Nə isə görəndə, müdaxilə edirik. Tək özümüz yox, valideynləri də bu işə qoşuruq ki, onların "ulduz xəstəliyi"nə tutulmasının qarşısını alaq. Şükür Allaha ki, effekt də verir. Yəni bu işlər tək stadionla olmur, valideynin də üzərinə böyük məsuliyyət düşür.
- Müasir texnalogiya, telefon, internet uşaqların inkişafına nə dərəcədə mənfi təsir edir?
- Müasir texnalogiyanınj həm müsbət, həm də mənfi cəhəti var. Müsbət cəhəti odur ki, istənilən məlumatı rahat şəkildə əldə edə bilirik. Mənfi tərəfi odur ki, internetdə, sosial şəbəkələrdə daha çox vaxt keçirdən uşaqlar futbola yetəri qədər zaman ayıra bilmir.
- Akademiyanıza məşqçi qəbulu hansı kriteriyalar üzrə aparılır?
- Bildiyiniz kimi, Gəncədə C kateqoriyası üzrə seminar keçirildi və orada instruktorlardan biri də mən idim. Hardasa 16-a yaxın yeni məşqçilərə dərs keçdik. Orda da istedadlı məşqçilərə baxırıq, elə onlardan biri olan Elcan Rəhimovu akademiyamıza işə cəlb etmişik. Ümumiyyətlə, akademiyaya kateqoriyasız müəllim götürmürük. Eyni zamanda, təhsillərini artırmaq üçün tez-tez Bakıya göndəririk.
- Məşqçiləriniz vahid proqram üzrə çalışır, yoxsa onlara sərbəstlik verilir?
- Akademiyanın özünün vahid inkişaf proqramı var. Bütün məşqçilər ilk növbədə o plan üzrə gedir. Amma məşqçi elə peşədir ki, hər kəsin öz əlavələri, fantaziyaları ola bilər. Kimdəsə bu cür faydalı əlavələr olarsa, biz onu da qəbul edirik.
- Əsas komandanın məşqçilər korpusu ilə əlaqəniz necədir?
- Bizim bir üstünlüyümüz odur ki, əsas komanda da, akademiya da eyni ərazidə yerləşir. İstər-istəməz hər gün əlaqədəyi, üz-üzə gəlirik. Onlar da mütəmaddi olaraq, uşaq komandalarının oyunlarını izləyir, lazım olan futbolçularla bağlı məlumatları bizdən alır.
- Zaman-zaman "Kəpəz"də forma, inventar, nəqliyyat probleminin olmasına dair məlumatlar yayılır, bəzən mətbuata da çıxır. Hazırda bununla bağlı durum necədi?
- Keçən ildən bütün bu problemlər tam həllini tapdı. Hazırda dediyiniz məsələlərlə bağlı heç bir problem yoxdur.
Anar XANLAROV