"Səbail"in kapitani Rahid Əmirquliyev son turlarda oynamaq şansı qazanmır.  18 və 19-cu turlarda ikinci hissədə əvəzlənən kapitan "Sabah"la 20-ci, "Qarabağ"la 21-ci tur matçında isə ehtiyatda qaldı və meydançaya çıxmadı. 

Rekord.az xəbər verir ki, yaranmış durum baş məşqçi Aftandil Hacıyevin tədricən yaşlı futbolçuları cavanlarla əvəzləməsi görüntüsünü ortaya çıxardır.

"Qarabağ"la oyundan sonra bununla bağlı sualı cavablandıran Hacıyev də dolayısı ilə mövcud fikirləri təsdiq etdi: "Rahid vaxtı ilə bu komanda ilə bürünc medal qazanmış futbolçudur. Amma etiraf edək ki, hazırkı Rahid, həmin Rahid deyil. Təbii, yaş amili də var. Biz də çalışırıq ki, digər futbolçulara da şans verək, cavanları da oynadaq. Ümumiyyətlə, istəyirik ki, hamıya şans verək".