Qurban Qurbanov: “Onlar daha artığına layiqdilər və qadirdilər”
- 06 Dek 2019 21:14
- 778
Azərbaycan Premyer Liqasında XIV turun “Qarabağ” – “Keşlə” (2:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Rekord.az saytının məlumatına görə, o, əvvəlcə görüş barədə fikirlərini bildirib.
- 1 xal qazandıq. Mövsümün ilk yarısını tamamladıq. Qalib gəlsəydik, daha yaxı olardı. Ancaq həmişə hər qazanılan xala böyük dəyər vermişəm. “Keşlə” son oyunları yaxşı səviyyədə keçirir. Düzgün təşkilatlanmış kollektivdi. Onlara uğur arzulayıram. Qarşıda Avropa Liqasında son oyunumuz və 2 kubok matçımız qalıb. Hər birinə yaxşı hazırlaşmalıyıq.
- Komandada fiziki və psixoloji yorğunluq hiss olunur. Bunun üçün xüsusi nəsə fikirləşmisizmi?
- Bəli, bu nüanslar var. Komanda həddən artıq yüklənib. Bir variant var ki, futbolçuların yanında olmalıyıq. Həm mən, həm rəhbərlik, həm də azarkeşlər. Mövsümün ikinci yarısı daha gərgin olacaq. Qarşıdakı görüşlərə maksimum yaxşı hazırlaşmalı və düzgün oyun göstərməliyik. Hər bir halda, futbolçuların yanındayıq. Onlardan əlavə nəsə tələb etmək düzgün deyil. Futbolçularımı yaxşı tanıyıram. Onlar daha artığına layiqdilər və qadirdilər.
- Beqoviç “Qarabağ”a gəlişindən sonra ilk dəfə nehtiyatda qaldı. Bu, onun gedəcəyinə işarə idi?
- İlin sonunda müqaviləsi başa çatır. Ancaq rəhbərliklə danışıq aparacağıq. Qalmasını istəyirik. Bizdən asılı olanı edəcəyik. İndi dəqiq cavab verə bilmərəm. Özü ilə danışmışıq, qalmaq istəyir. Bakını xoşlayır, komandaya qarşı pozitivdi. Bu məsələ təxminən 1 aya həll olunacaq. Qapıçı ilə bağlı rotasiyalar həmişə etmişik. Düzdü, Asmir gələndən sonra olmamışdı. Hər halda, normal, adi dəyişiklikdi.
- Ozobiçlə bağlı risk etmək istəmədəyiniz görünür. O, ilin son oyunlarında meydana çıxa bilərmi?
- Hazırlığı pis getmir. Son məşqləri komanda ilə tam keçib. Qarşıdakı oyunlarda imkan olsa, oynamasına şərait yaradacağıq ki, kollektivi hiss etsin və qış hazırlığında tam bərpa olunsun. Oynamaq ehtimalı var. (matc.az)