“Qol vura bilməməyimiz məni məyus etdi” – Millimizin baş məşqçisi
- 19:30
- 39
Azərbaycanın U-20 millisi bu gün yoxlama oyunu çərçivəsində Yaponiyanın U-20 yığması ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, əsas vaxtı 0:0 hesabı ilə başa çatan oyunda penaltilər seriyasında (5:4) qalib gələn Azərbaycan millisinin baş məşqçisi Ruy Jorjenin matçdan sonra mətbuat konfransı keçirilib. Portuqaliyalı mütəxəssis hazırda yolun başlanğıcında olduqlarını bildirib:
“Hazırda yolun başlanğıcındayıq. Oyunçuların fiziki formalarının tam olmaması normaldır. Ona görə dəyişikliklər etdik. Bilirdik ki, futbolçular 90 dəqiqə oynamaq gücündə deyil. Oyunçuların belə yorğun görünmələri normaldır.
Klubların işlərinə müdaxilə edə bilmərəm. Elə futbolçulardır ki, keyfiyyətlər varsa, çıxış edəcəklər. Futbolçuların bəziləri əvəzedici heyətdə çıxış edirlər. Bəziləri U-19 komandalarda oynayırlar. Onlar öz oyunları ilə sübut etməlidirlər ki, əsas komandalarında oynamağa layiq olsunlar. Keyfiyyətli futbolçular var və onlar burdakı kimi çıxış etsələr, əsas komandalarındakı baş məşqçiləri də oynamaqlarına şərait yaradacaq.
Düşünürəm ki, Moldova millisi ilə matçda müdafiədə elə də səhvlər buraxmadıq. Daha çox hücumda lazım olmayan top itkiləri səbəbindən rəqib əks-hücumlara çıxırdı. Bu gün qol vura bilməməyimiz məni məyus etdi. Oyunçularıma da demişəm ki, hücum planında oyun alınmırsa, müdafiəni də yaddan çıxarmaq olmaz. Həmçinin, qorxmaq da lazım deyil.
Bura ilk gəldiyim günlə müqayisədə müəyyən fərqli təssəvürlərim var. Bu müddətdə daha çox gördüyüm bir faktor var ki, normalda futbol kollektiv oyundur, amma burada daha çox fərdi oyuna üstünlük verilir. İstəyim odur ki, oyunçular çıxışları zamanı kollektivi düşünsünlər. Ad çəkməyi xoşlamıram, amma futbolçuların hər birindən çox razıyam. İstər məşq prosesində, istərsə də oteldə- bütün oyunçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar.
Əlimdə olan oyunçuların hər birinin vurğunuyam. Onların hər biri bu təlim-məşq toplanışını haqq edirlər, çox istəklidirlər. Əlbəttə ki, limitlər də olacaq. Mən də məhz buna görə burdayam, onların ən yüksək səviyyələrinə çatmaları üçün çalışırıq”.