
“Qəbələ”nin legioneriləri “100”ü yarıladılar
- 2022-05-17 19:00
- 294
Azərbaycan Premyer Liqasının 27ci turunun “Şamaxı” ilə səfər oyunu “Qəbələ”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub.
Rekord.az xəbər verir ki, Rafael Utziq və Stefan Vukçeviç ölkə çempionatında 50-ci dəfə meydana çıxıb.
Hər iki legioner “qırmızı-qaralar”ın heyətində ötən mövsüm debüt edib. Premyer Liqada yalnız bir klubun formasını geyinməklə “100”ü yarılayan oyunçular həm ötən mövsümdə, həm cari çempionatda eyni sayda – 25 dəfə şans qazanıb.
Yubiley matçında 90 dəqiqə meydanda olan Utziq Premyer Liqadakı 50 qarşılaşmada 11 qol vurub. O, 2020/21 mövsümündə 5, 2021/22 mövsümündə 6 dəfə rəqib qapısına yol tapıb. Şamaxıdakı görüşün 57-ci dəqiqəsində meydana daxil olan Vukçeviç yeganə qoluna ötən mövsümdə imza atıb.
Xatırladaq ki, 27-ci turun oyununadək 30 futbolçu “Qəbələ”nin heyətində Premyer Liqada 50 və ya daha çox matç keçirmişdi. Utziq bu siyahıda 31-ci, Vukçeviç 32-ci olub.