Üç turdan sonra hesabına maksimum xal yazdıran, “Sabah”la birgə turnir cədvəlinin şərikli lideri olan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev dünən səhər saatlarında Azərbaycanı tərk edib. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, “qırmızı-qaralar”ın çalışdırıcısı Türkiyəyə yollanıb.

Bu həftə, daha dəqiq desək, 4-cü tur çərçivəsində baş tutacaq “Sabah”la qarşılaşmadan öncə Baxşıyevin qardaş ölkəyə yollanması bizi təəcübləndirdi. Məntiqlə, premyer-liqanın iki liderinin oyunu ərəfəsində baş məşqçsilər komandanın yanında olmalı, növbəti 3 xal üçün futbolçuları çətin sınağa hazırlamalıdı. Görəsən, Elmar bəy ölkəni niyə tərk edib?

Bu suala aydınlıq gətirmək üçün Baxşıyevlə əlaqə saxladıq. Zəngimizə cavab verən zaman İstanbul hava limanında olduğunu bildirən 42 yaşlı mütəxəssis səfərinin məqsədini belə izah etdi:

“Bildiyiniz kimi, qatıldığım PRO kateqoriyalı məşqçi kurslarının sonuna yaxınlaşırıq. Bu modulda hansısa əcnəbi klubun düşərgəsində təcrübədə olmalı, onun məşq prosesi, oyunu barədə lazımi hesabatı hazırlayıb təqim etməliyik. Mən də təcrübə üçün Türkiyə klublarını seçmişəm. Kursda akademiya ilə bağlı bir modul var idi. Orda tələb olunanlarla bağlı təcrübə üçün “Fənərbaxça”nın Futbol Akademiyasında olacam. Əsas komanda ilə bağlı tələbləri yerinə yetiurmək üçün isə “Konyaspor”un düşərgəsinə baş çəkəcəm. Ümumilikdə Türkiyə səfərim bir həftə davam edəcək”. ("Futbol plus")