Avropa Liqasının qrup mərhələsində növbəti oyununu “Qarabağ”a qarşı keçirəcək “Sevilya” itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, komandanın kapitanı Xesus Navas sıradan çıxıb.

34 yaşlı müdafiəçi La Liqanın 14-cü turunda ötən gecə “Valyadolid”lə görüşdə zədələnib. Matçın 89-cu dəqiqəsində ayaq əzələsində ağrılar hiss edən futbolçu əvəzlənməli olub.

Komandanın baş məşqçisi Xulen Lopeteqi oyundan sonra keçirilən mətbuat konfransında Navasın durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyini deyib: “Oyundan sonra futbolçu ilə danışdım. Navas özünü yaxşı hiss etdiyini bildirdi”.

İspaniyalı futbolçunun “Qarabağ”la görüşdə iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək "Sevilya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.