Çexiyanın “Viktoriya" (Plzen) komandasının hücumçusu Yan Kliment UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Rekord.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qələbə qolunu vurduğum üçün xoşbəxtəm.Vurduğu qoldan 3 dəqiqə əvvəl zədələndim. Qapıçıya tərəf qaçanda əzələm yırtıldı. Qaça bilmirdim. Amma texniki zonaya işarə verməyə vaxtım yox idi. Top gözləmədiyim anda önümə düşdü və qol vurdum”.

Plzen təmsilçisinin müdafiəçisi Libor Holik isə bu qarşılaşmanı səbirsizliklə gözlədiyini söyləyib: "Üç gün əvvəl matçda iştirak edəcəyimi bilirdim və buna hazırlaşırdım. Çünki hər kəs belə görüşdə meydanda olmaq istəyir. Bu, karyeramın ən vacib oyunu idi”.

"Viktoriya"nın yarımmüdafiəçi Pavel Buxa isə mövsümün əvvəlində qarşılarına qoyduqları hədəfə çatdıqlarını bildirib:

“Belə çətin rəqibə qarşı matçı bu səviyyədə keçirmək inanılmazdır. Bu, gerçəkləşən bir yuxudur. Bütün komanda buna layiq idi və əla çıxış etdik. Görüşə yaxşı başladıq. Azarkeşlər də əla idi. Bizi irəli atırdılar”.