“Qarabağ”a qarşı pis mübarizə aparmadıq” - Ayxan Abbasov
- 18:30
- 32
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 19-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyət barədə bunları söyləyib:
“Hava şəraitini nəzərə alsaq, bu meydançada xarakter göstərmək lazım idi. İlk hissə oyun baxımından daha çətin keçdi, amma ikinci hissədə hava bir az düzəldi. Ümumi götürsək, pis mübarizə aparmadıq. Rəqibimiz "Qarabağ" idi, bu, bəllidir. “Qarabağ"a qarşı aqressivlik olmadan oynamaq qeyri-mümkündür. Təkcə onlara qarşı deyil, bütün oyunlarda bu formada olmaq istəyirik. Bəzi oyunlarda bu alınmır, futbolçuların bəzilərində bu çatışmır. Amma "Şamaxı" ilk turdan bu xarakteri göstərir. Kubokun cavab oyununda bundan da çoxunu etməliyik"
Abbasov komandanın oyunun son dəqiqələrində konsentrasiyanı itirdiyini bildirib:
"Təəssüf ki, bu çempionatda ən böyük problemlərimizdən biri oyunun sonlarında qol buraxmağımızdır. Futbolçuları buna görə xəbərdar edirik ki, konsentrasiya sona qədər olmalıdır. Biz futbolçuların inkişafını istəyirik, çünki gələcəkləri üçün bu vacibdir. Son dəqiqədə mütləq qorunmaq lazımdır, orada elə böyük bir epizod da yox idi, amma təəssüf ki, boşluq verdik".
Mütəxəssis son dəqiqələrdəki əvəzləmələrə də aydınlıq gətirib:
"Son dəqiqələrdəki əvəzləmələrə gəlincə, Oruc özü dəyişiklik istədi, Kərim isə yorulmuşdu. Burada səhv futbolçularda deyildi, müdafiə xəttində konsentrasiyamız çatmadı. Həmin vaxt müdafiə xəttinə əl dəymədik, hətta Abdulla yorulsa da, onu çıxarmadım ki, belə oyunda müdafiədə dəyişiklik çətin olur. Bu tək fərdi futbolçulara deyil, komanda olaraq hamıya aiddir”.