"Qarabağ" və "Neftçi" üçün vacib 3 xal
- 13:00
- 34
"Qarabağ" sözün əsl mənasında yaxşı qurtardı. Həm səfər, həm süni meydança, üstəlik, qarlı hava, daha bir üstəlik ilk qolu buraxmaq... Bütün bunların fonunda son saniyədə vurulan qolla qazanılan 3 xal 6 xala bərabər oldu. Bilmirəm, bunu ustalığa bağlayım, şansa, yoxsa "Şamaxı" müdafiəsinin ani diqqətsizliyinə. İstənilən halda, vacib olan 3 xal qazanıldı. Bu xal "Qarabağ"ı həm də çempionluq mübarizəsindən qopmağa qoymadı. Çünki bu dəfə də xal itirilsəydi, "Sabah"la x al fərqi 6 olacaqdı ki, bu da işləri daha da çətinləşdirəcəkdi.
"Neftçi" isə ardıcıl ikinci qələbə ilə avrozona ilə xal fərqini 5-ə endirdi. Amma "Araz Naxçıvan"la oyundan fərqli olaraq, bu dəfə oyun çox ağır keçdi. Hətta deyərdim ki, bəxti də gətirdi. "Qəbələ" ikinci hissədə daha üstün idi. Ümumiyyətlə, bu komanda mövsümün əvvəlindən xoş təsir bağışlayır, hücum potensialı yaxşıdı, texnikalı futbolçuları var. "Neftçi"nin müdafiə xəttini babat yordular. Son dəqiqələrdə boş qapını dirəyə vurmaqla "Neftçi"yə 3 xal bağışladılar. Amma bu cür oynamağa davam etsələr, Premyer Liqanı tərk etmək təhlükələri yoxdur. "Neftçi" isə 5 xallıq fərqi aradan qaldırmaq üçün bundan sonrakı oyunlarda da bacardığı qədər xal itirməməlidir. Həftəsonu "Kəpəz"lə çətin səfərə yollanacaqlar. Ordan da 3 xal çıxarda bilsələr, hətta 3-cü yer üçün də yaxşı şans qazanmış olacaqlar.
Anar XANLAROV