Qeydlərim:


^ Havanın çox soyuq olmasına rəğmən tribunalarda 10 mindən çox azarkeş vardı və onlar gəldiklərinə görə heç peşman olmadılar. Belə matç üçün dəyərdi.


^ "Qarabağ" İngiltərə səfərinin və ümumilikdə pley-offun həm fiziki, həm də psixoloji yorğunluğu ata bilməmişdi. Son saniyələrdəki performansı daha çox təcrübə və döyüşkənliyə bağlamaq olar. Komanda böyük matçlarda bərkiyib, möhkəmlənib, ağır zərbələrə öyrəşib deyə geridönüşlər etməyə qadir olur. Amma bu həmişə belə olmaya bilər. 


^ Ağdamlıların müdafiəsində problem var. Bədavi oynasaydı, bəlkə də mərkəzdə az problem olardı, eyni zamanda cinahdakı çətinliklər daha az yaşanardı. Bu məqamlardan qonaqlar çox yaxşı istifadə etdilər. 


^ "Qarabağ" fasiləyə qədər faktiki iki nəfərsiz oynadı: nə Zubir o deyildi, nə də Kaşuk.


^ 0:3-dən 3:3-ə gətirmək, buna mental olaraq hazır olub, bacarmaq böyük alqışı haqq edir.


^ Dambrauskas həm qalib tərəf oldu, həm də məğlub. Məşqçi rəqibin yorğun olacağını, həmçinin matça köklənmə probleminin olacağını bilərək effektiv oynamağa üstünlük vermişdi. Az və dəqiq həmlələr, əks-hücumda cinahlardakı boşluqlardan istifadə, tempin idarə olunaraq lazımi istiqamətə yönəldilməsi planı əla işlədi. "Qarabağ" nisbətən aktiv görünsə də, bu aktivlik qonaqlardakı qədər effektiv deyildi.


^ "Sabah" fasilədən sonra da oyunun ipini əlində saxlayan tərəf idi. Meydan sahibləri irəli atılır, qonaqlar isə bundan məharətlə istifadə edirdilər. Maluda və Mikelsin qolları həm gözlənilməz, həm də meydan baş verənlərlə düz mütənasib idi. Şans düşübsə, yararlanmaq lazımdır. Elə də oldu. 60-cı dəqiqədə tablo masazırlıların çempion üzərindəki böyükhesablı məntiqli qələbəsini göstərirdi.


^ Sonra anatomiya və psixologiya öz işini gördü. Sanki Dambrauskasın yetirmələrinin birdən-birə gücü qurtardı. Üstəlik, hesabın gətirdiyi rahatlıq həm beyin, həm də bədən olaraq boşalmaya gətirib-çıxartdı. "Qarabağ"ın qolları gələndə isə əvvəlki duruma qayıtmaq mümkün olmadı. Çünki futbolçular matçı beyinlərində bitirmişdilər. Eyforiya deyildi, amma ona yaxın bir vəziyyət olardı.


^ "Sabah"ın sona yaxın tempdən düşməsinin əsas səbəbi daxili çempionatda bu cür təzyiqlə demək olar ki, üzləşməməsidir. Komanda Avropaya çıxıb, orada çətin matçlarda təcrübə topladıqca buna daha da yaxşı hazır olacaq. Ancaq buna hələ çox var. Əvvəlcə burdan ora vəsiqə qazanmaq lazımdır.


^ Maluda çox klass oyunçudur. Yenə sübut elədi. 


^ Böyük üstünlüyü əldən verməsinə baxmayaraq, Valdas müəllimin işinin öhdəsindən gəldiyini düşünürəm. Bu "Qarabağ"dır. Onu bu cür çətin vəziyyətə salmaq, normadan xeyli artıq güc sərf etməyə məcbur etmək asan iş deyil. Bərabərlik də "Sabah" üçün əla nəticədir. Çünki komanda yersiz xallar itirməsə, çempionluğa daha yaxın tərəf olaraq qalacaq. 


^ Son nəticə birmənalı şəkildə "Sabah"ın xeyrinədir. 


^ Hakimliklə bağlı çox danışmağa ehtiyac yoxdur. Bəli, çatışmazlıqlar vardı, müəyyən iradlar bildirmək olar. Ancaq matçın nəticəsinə təsir edən səhvlər, kobud səhvlər olmadı. Tural Qurbanov işinin öhdəsindən yaxşı gəldi. 


^ Qonaqların məşqçisinin etdiyi hərəkət böyük tərbiyəsizlik idi. Üzrxahlıqla başa çatdırılmalı idi, yaxşı ki elə də oldu. O gənc kimdirsə, növbəti dəfə əlini apardığı yerə diqqət eləsin. Bura Qafqazdır, burada hər kəs öz əməlinə görə başqa məsuliyyətlər də daşıyır. Yadında saxlasın bunu.


^ Möhtəşəm qarşılaşma oldu. Tofiq Bəhramov adına Respublika stadionunda böyük bir matç izlədik. Meydanda da əsl Avropa futbolu oynandı, ondan kənarda da Avropa ab-havası var idi.Tamaşaçılar daxili çempionatda belə matçlara, belə performansa öyrəşməyiblər, hazır deyillər. Köklü dəyişiklik üçün bu cür oyunların sayı artmalı, çoxalmalıdır. 


^ Azərbaycan çempionatı çox maraqlı çempionatdır. Sonuna qədər izləməyə dəyər. 


Kənan Məstəliyev, Rekord.az