
“Qarabağ” limit və əvəzetməylə bağlı mövqeyini açıqladı
- 19 Apr 2022 16:00
- 508
“Dünyada artıq elə bir ölkə qalmayıb ki, əvəzetmə sayını 3-dən 5-ə artırmasın”.
Rekord.az xəbər verir ki, bu sözləri qol.az saytına açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Azərbaycan Premyer Liqasında əvəzetmə sayının 3-dən 5-ə yüksəldilməsi barədə və legioner limiti ilə bağlı müzakirələr haqda danışarkən deyib.
AFFA-nın Klublar Komitəsinin dünən keçirilən iclasında yeni mövsümlə bağlı legioner limiti və əvəzetmə məsələsi müzakirə edilib. Toplantıda “Qarabağ” klubu da təmsil olunub.
G.Abbaszadə bildirib ki, Ağdam təmsilçisi əvəzetmə sayının artırılmasını dəstəkləyir:
“Artıq İngiltərədə də növbəti mövsümdən etibarən 5 əvəzetmə sayı olan sistemə keçmək barədə qərar verilib. Belə bir məqamda hər hansısa bir münasibət bildirməyimizə ehtiyac qalmır. Çünki dünya təcrübəsi öz sözünü deyir. Biz mövsümün əvvəlində də bununla bağlı mövqeyimizi bildirmişik. Yəni, əvəzetmə sayının artırılmasını istəyirik”.
Abbaszadə onu da qeyd edib ki, Azərbaycan çempionatında legioner limitinin dəyişdirilməsi “Qarabağ”a heç bir problem yaratmayacaq:
“Bunun bizim üçün fərqi yoxdur. Yəni indiki qaydalar qalsa da, yeni limit tətbiq olunsa da, bizim üçün fərq yaratmayacaq. Hansı qərar qəbul olunsa, komandamızı ona uyğun hazırlayacağıq. Yəni, heyət bu dəyişikliklərə uyğun olaraq qurulacaq”.
Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov daha əvvəl dəfələrlə Premyer Liqada əvəzetmə sayının artırılması ilə əlaqədar fikir irəli sürüb.