"Qarabağ" bolqarlara niyə bata bilmədi? - şərh
- 22:14
- 17
Çox ağır oyun oldu.
Həm taktiki, həm fiziki, həm də psixoloji baxımdan.
Hamımız "Qarabağ"dan oyunu ilk dəqiqələrdə hücumda keçirməyini gözləsək də, belə olmadı. Qurban Qurbanov riskə getməməyi, rəqibin hücum gücünü nəzərə alaraq ehtiyatlı oynamağı seçdi. Yalnız son 8-10 dəqiqədə daha inamlı oynadıq ki, bu da qələbə qolu üçün yetərli olmadı.
Bəzi oyunçuların fərdi performansını bəyənmədim. Yankoviç çox səhvə yol verdi, Lanqa spontan qərarlarla yadda qaldı və önündəki Zubirə (o da yüngül desək, ideal oynamadı) hücumda çox az kömək etdi, Kadi yenə ondan gözlənilənləri vermədi. Orta xətdəki passivliyimizi, daha doğrusu, zəif təsir bağışlamağımızı məhz Borgesin bu oyunu ilə əlaqələndirmək olar.
ÇSKA-nın hücum potensialı barədə oyundan əvvəl yazmışdım. Elə də oldu. Ən kiçik imkandan belə istifadə edib topu irəli aparır, işi orada həll etməyə çalışırdılar. Düzdür, ifaçılarının səviyyəsi aşağı idi və real ola biləcək epizodları məntiqi sonluğa çatdıra bilmirdilər. Başqa, daha yaxşı komanda bu şansları qaçırmazdı. Bəlkə də başqa komandaya qarşı da "Qarabağ" da belə oynamazdı. Amma yenə də ağdamlıların ifasında bu qədər çəkingən oyun anlaşılmadı.
Kənar amilləri də nəzərə almalıyıq. Hava isti idi, adaptasiyaya çətinlik yaradırdı. Üstəlik, oyunçuların da hələ forma yığa bilmədiyi, fiziki cəhətdən tam hazır olmadığı göründü. 90 dəqiqədə xeyli epizod vardı ki, sırf bu baxımdan oyunu sürətləndirə bilmədik və rəqibə hücumlarımızı elə orta xətdə kəsmək imkanı verdik. Bütün bunları diqqətə alıb, cavab matçında təkrarlamamaq gərəkdir. Orada oyun daha yüksək tempdə keçəcək və çətin olacaq.
Qeyd etdik ki, "Qarabağ" sona yaxın aktivləşdi. Bunda əvəzetmədən daxil olan Sefas, Montiel və ən əsası Cəfərquliyevin müstəsna rolu var. Xüsusilə Elvin möhtəşəm idi. Müdafiədə, orta xətdə, hücumda, hər yerdə var idi, aktiv və effektiv idi. Düşünürəm ki, yavaş-yavaş Hoca onu əsas heyətə qaytarmalıdır. Çünki Lanqa ilə Zubirin anlaşması yaxşı səviyyədə deyil, həmçinin Elvin daha istedadlı və istəklidir.
Hər halda, qolsuz bərabərlik yaxşı olmasa da, pis də deyil. Cavab qarşılaşmasında bolqarlar üstümüzə gəlməli, daha çox hücum etməli olacaqlar ki, bu da əks-hücum şanslarımızı artıracaq. Cütün favoriti hələ də "Qarabağ"dır.