“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Misli Premyer Liqasının 23-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri səfər matçından sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, qolsuz bərabərliklə bağlı bunları söyləyib:


“Şamaxı" uzun paslara üstünlük verir, buna hazır idik. Oyun çox sərt keçdi. Son 30 dəqiqədə biz daha çox hücuma keçdik ki, qol vuraq. Şanslarımız var idi. Amma dəyərləndirə bilmədik. "Şamaxı" yenə də çox qayda pozuntusuna yol verirdi. Baş hakim də buna imkan verirdi. Çünki çox hallarda onların çox sərt oynamasına imkan yaradırdı. Biz isə  oyunun tempini yüksək tutmağa çalışırdıq. Lakin qayda pozuntuları öz təsirini göstərirdi,rəqib sürəti aşağı salırdı. Hakimlərdən bunun qarşısını daha effektiv alacağını gözləyirdik. Baş vermədi. Biz isə sonlara yaxın daha yaxşı oynadıq, epizodlarımız var idi. Heç-heçə oynadıq, pis nəticə deyil. Amma bu nəticə ilə razı deyilik, Şamaxıya qələbə üçün gəlmişdik.


Digər komandalardan fərqli olaraq, bizdə hücumameyilli oyunçuların keyfiyyəti hardasa çatışmır. Son nöqtəni qoymaq baxımından belədir. Üstəlik, biz aşağı liqadan gəlmişik və 22 xal yığa bilmişik. Bu da yaxşı nəticədir. Sonuncu pillədən 2 pillə yuxarıdayıq. Limitli komanda olsaq da, yaxşı oyun göstəririk. Güclü komanda oyunu göstərərək, bu cür nəticələr qazanırıq. Hər oyunda komandamdan razıyam. Çünki bütün futbolçular 100 faizini verir, mübarizə aparır. Sizin sualınızı da başa düşürəm, qalib gələ bilmirik, qol vura bilmirik. Amma mövqeyimiz pis deyil. Komandamız sona qədər mübarizə aparır. Qalib gələ bilməsək də, uduzmuruq da. Hər bir komanda "İmişli" ilə görüşdə problem yaşayır”.