Moskvada pauerliftinqin AWPC/WPC versiyası üzrə dünya kuboku yarışı keçirilib. Üç yüzə yaxın idmançının mübarizə apardığı yarışda

Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Hindistan, Serbiya və digər ölkələrdən atletlər birincilik uğrunda mübarizə aparıblar.

Rekord.az xəbər verir ki, Əməkdar və beynəlxalq dərəcəli idman ustası, dəfələrlə dünya və Avropa çempionu, mütləq dünya çempionu, dünya və Avropa rekordçusu olmuş Azərbaycan Stronqmen Federasiyasının üzvü Zaur Cəfərov (110 kq) növbəti uğura imza atıb. İdmançımız A/WPC versiyası üzrə “benç press” hərəkətində 262,5 kiloqram nəticə ilə 6-cı dəfə dünya çempionu adını qazanıb. Z.Cəfərov Azərbaycanın pauerliftinq tarixində ilk dəfə olaraq A/WPC üzrə ən yüksək dərəcə tələbini yerinə yetirərək “elitar idmançı” tituluna yiyələnib.

Yığmanın digər üzvləri Şəmsi Bayramov (110 kq) veteranlar arasında AWPC versiyası üzrə “deadlift” hərəkətində 240 kiloqram nəticə ilə birinci olub. Aqşin İsmayılov (82,5 kq) WPC versiyası üzrə “benç press” hərəkətində 290 kiloqram nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və mütləq dünya çempionu adına layiq görülüb. Azərbaycan komanda hesabında üçüncü olub.