Paralimpiyaçılarımız Türkiyənin İstanbul şəhərində təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunlarını 13 medalla başa vurub.


Rekord.az Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 7-ci dəfə təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunlarında debüt edən Azərbaycan millisi 7 idman növündə 17 idmançı ilə təmsil olunduğu oyunlarda 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıb.


Qeyd edək ki, 33 ölkədən 700-ə yaxın idmançının mübarizə apardığı oyunlarda milli komandamıza qızıl medalları Sabir Zeynalov (parataekvondo, K44, 58 kq), Amin Əliyev (parataekvondo, K44, 63 kq), Səmayə Həsənova (parataekvondo, K44, 47 kq) və Ayşə Arabova (paraatletika, uzunluğa tullanma, T11), gümüş medalları isə Orxan Cəfərov (parataekvondo, K44, 80 kq) ilə Əli Vəliyev (paraüzgüçülük, 2009-2013-cü il təvəllüdlülər arasında, S10, 100 metr “butterfly” (kəpənək)) qazandırıb.


Bürünc medallara isə Ayxan Nuruyev (parataekvondo, K44, 58 kq), Amin Şıxalıyev (parataekvondo, K44, 63 kq), İmran Bağırov (parataekvondo, K44, 70 kq), Ömər Qurbanov (paracüdo, J2, 62 kq), Hüseyn İsmayılzadə (paracüdo, K44, 70 kq) və Əli Vəliyev (paraüzgüçülük, S10, 2009-2013-cü il təvəllüdlülər arasında, 100 metr sərbəst, 400 metr sərbəst) yiyələnib.