Voleybol üzrə Azərbaycan çempionatında qadınların mübarizəsində yarımfinalın növbəti oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, bir oyunda ilk finalçı bəlli olduğu halda, digər duelin mübarizəsi davam edəcək.

Bu Voleybol Mərkəzində baş tutan ilk matçda "Murov" və "Abşeron" komandaları üz-üzə gəliblər. Görüşə daha yaxşı başlayan "Abşeron" birinci setdə qalib gəlib. Cütün ilk görüşündə qələbə qazanmış "Murov" ikinci hissəni öz aktivinə yazdırmaqla ümumi hesabı bərabərləşdirib. Lakin yenidən təşəbbüsü ələ alan "Abşeron" növbəti setlərdə qələbə qazanıb. İlk qarşılaşmada 1:3 hesabı ilə uduzan "Abşeron" cavab oyununda rəqibini eyni hesabla məğlub edib. Beləliklə, bu komandaların mübarizəsində qalibin adına üçüncü oyunda aydınlıq gələcək. Aprelin 7-də keçiriləcək həmin matçda qələbə qazanacaq tərəf finala yüksələcək.

Yarımfinalın digər matçı "UNEC"lə "Azərreyl" arasında baş tutub. Cütün ilk oyununda 3:0 hesabı ilə qalib gəlmiş "Azərreyl" bu dəfə də quru hesabla sevinən tərəf olub. Beləliklə, hər iki qarşılaşmada qalib gələn "Azərreyl" finala ilk vəsiqəni qazanıb. "UNEC" isə bürünc medal uğrunda yarışacaq.

 

Yüksək Liqa
Yarımfinal (ikinci oyunlar)

   "Murov" - "Abşeron" 1:3 (19:25, 25:22, 27:29, 25:27)
   "UNEC" - "Azərreyl" 0:3 (13:25, 13:25, 06:25)

İlk oyunların nəticələri
   “Abşeron” - “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25)
   “Azərreyl” - "UNEC" 3:0 (25:07, 25:14, 25:17)