Çimərlik voleybolu üzrə Azərbaycan çempionatına yekun vurulub. "Rekord.az" xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan yarışda sentyabrın 3-də keçirilən final qarşılaşmaları ilə həm qadın, həm də kişilər arasında çempionlar bəlli olub.
Oyunlar Su İdmanı Sarayının dörd meydançasında təşkil olunub. Əvvəlki illərlə müqayisədə bu ilki çempionata voleybol sevərlərin marağı kifayət qədər yüksək olub. Final qarşılaşmaları azarkeşlərlə tam dolu tribunalar önündə keçirilib. Oyunlar zamanı fasilələrdə azarkeşlər üçün müxtəlif viktorinalar və şou proqram təşkil olunub. 
Su İdmanı Sarayında keçirilən yarışın sonuncu gününə üçüncülük oyunları ilə start verilib. 
Qadınların yarışında  Nərmin Musayeva/Çinarə Quliyeva (Azərreyl-1) cütü, kişilərin mübarizəsində Asif Əliyev/Heydər Məmmədli (MOİK) cütü bürünc medallara sahib çıxıblar. 
Daha sonra final oyunları baş tutub. İlk olaraq qadınların həlledici matçı keçirilib. Bu görüşdə Larisa Smeltsova/Fidan Əhmədxanova (Azərreyl) cütü Leyla Parşkova/Fidan Fərzullayeva (Gəncə) çütünə 2:0 hesabı ilə qalib gələrək çempion adını qazanıb. 
Bu qarşılaşmanın ardından kişi voleybolçular çempionu müəyyən etmək üçün qum üzərinə çıxıblar. Gərgin mübarizədə keçən bu matçda Vüqar Bayramov/Ülvi Rəcəbli cütünü (Murov Az Terminal-1) 2:1 hesabı ilə məğlub edən Vadim Kutukov/Elmin Alışanov (Murov Az Terminal-2) cütü qızıl medala sahib çıxıb.
Beləliklə, qadınların yarışında Larisa Smeltsova/Fidan Əhmədxanova cütü qızıl, Leyla Parşkova/Fidan Fərzullayeva cütü gümüş və  Nərmin Musayeva/Çinarə Quliyeva isə bürünc medal qazanıb. Kişilərin mübarizəsində isə Vadim Kutukov/Elmin Alışanov 1-ci, Vüqar Bayramov/Ülvi Rəcəbli 2-ci, Asif Əliyev/Heydər Məmmədli 3-cü yeri tutublar.
Oyunlardan sonra çempionatın mükafatlandırma və rəsmi bağlanış mərasimi keçirilib. Qaliblərə diplom və medalları gənclər və idman naziri Fərid Qayıbov və AVF-nin prezidenti Şahin Bağırov təqdim ediblər.
Qeyd edək ki, 3 mərhələdə təşkil olunan ölkə birinciliyinin sonuncu turunda müxtəlif bölgələrdən də komandalar iştirak edib. Vurğulayaq ki, AVF ölkəmizdə klassik voleybolla yanaşı, çimərlik voleybolunun da inkişafı istiqamətində işlər görür. Bu işlər çərçivəsində çimərlik voleybolu üzrə seleksiya xarakterli məşqlər təşkil olunub, istedadlı yeniyetmələr seçilərək müxtəlif yaş qrupları üzrə milli komandalarımızda çıxış etmələri üçün məşqlərə cəlb olunublar. Həmçinin beynəlxalq yarışlarda iştirak etmək məqsədilə komandalarımız təşkil olunub. Belə ki, oğlanlardan ibarət U-18 komandamız ilk dəfə olaraq Avropa çempionatında iştirak edib və ölkəmiz üçün reytinq xalları qazanıb. Bundan başqa, çimərlik voleybolçularımız Türkiyədə, Gürcüstanda və Litvada keçirilən beynəlxalq yarışlarda iştirak ediblər. Federasiya həm klassik, həm də çimərlik voleybolunun inkişafı istiqamətində işləri davam etdirir.