“Nyukasl”la matçda bizə yaraşmayan kimi çıxış etdik” – Montiel
- 16:00
- 30
“Qarabağ” sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Nyukasl”ın qonağı olacaq.
Rekord.az xəbər verir ki, ingilislərlə oyundan bir gün əvvəl “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Konfransda ağdamlıların yarımmüdafiəçisi Xoni Montiel də iştirak edib. İspaniyalı futbolçu qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
“Düşünürəm ki, ilk oyunun birinci hissəsində bizə yaraşmayan kimi çıxış etdik. İkinci hissədəki kimi mübarizə aparsaq, yaxşı nəticə qazana bilərik.
Çempionlar Liqasının səviyyəsi məni təəccübləndirmədi. Heç bir oyun asan keçmədi. O ki qaldı gözləntilərə, “Qarabağ” Azərbaycanın ən böyük klubudur. Gözləntilərin yüksək olması normaldır.
Xoşbəxtlikdən, müxtəlif mövqelərdə çıxış etmək kimi bacarığım var. Amma düşünürəm ki, “10 nömrə” kimi komandaya daha faydalı ola bilirəm. Çünki digər mövqelərdə çıxış edən futbolçular da var”.
“Qarabağ” Bakıda keçirilən ilk qarşılaşmasında 1:6 hesabı ilə məğlub olub. Cavab matçı sabah saat 00:00-da İngiltərədə start götürəcək.