"Sabah"ın qapıçısı Nicat Mehbalıyev "Kəpəz"lə oyundan sonra (3:0) jurnalistlərə müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:

 

- Qəbələdə "Kəpəz"ə qarşı oynamaq necə idi?

- Uzun müddətdən sonra yenidən çempionatda oynamaq yaxşı idi. Çempionatda sonuncu oyunumu keçən il Qəbələdə "Şamaxı"ya qarşı oynamışdım. Məşqçi yendən şans verdi, İnşAllah ki, uğurlu oldu.

- Uzun fasilədən sonra oynamaq hər hansı problem yaratmadı?

- Düzdür, qapıçılar uzun müddət oynamayanda oyun praktikası baxımından çətinlik çəkirlər. Amma məşqlərimiz yüksək səviyyədə keçdiyindən heç bir problem yaşanmadı. Ola bilsin, ilk 5-10 dəqiqədə topla oyunda müəyyən gecikmələr oldu, amma bu da qısa zamanda keçdi.

- Məhz Qəbələdə meydançaya çıxmaq necə hiss idi?

- Keçən il bu meydançada çox oynamışam, meydança mənə doğma idi. Qismətdən yenə burada oyuna çıxdım.

- Bu oyunun davamı "Beşiktaş"la oyunda da olacaq? Çünki bu tip oyunlarda daha çox az oynayan futbolçular şans qazanır...

- Bu, sırf baş məşqçinin verəcəyi qərardı. Şans versılər canla-başla oynayacam. Verilməsə, yenə də qərara hörmətlə yanaşacam.

- Keçən illə müqayisədə bu mövsüm çox az oynamaq şansı qazanırsan. Səbəb nədi?

- Qapıçı mövqeyi elədir ki, tez-tez dəyişmək olmur. Yusif İmanov gənc qapıçıdır, ona şans verdilər, o da bu imkandan istifadə edib, özünü doğurultdu. Belə olan halda stabil oynayan qapıçını da dəyişmirlər və mən də baş məşqçiini başa düşürəm.

- Amma sənin stabilliyin gedir axı...

- O barədə yayda rəhbərliklə danışığımız olacaq və bundan sonra yəqin ki, rəsmi məlumat da olacaq.

- Müqavilən nə vaxt bitir?

- 2024-cü ilin yayında. Amma dediyim kimi, bu mövsümün sonunda rəhbərliklə danışıb başqa komandaya keçə bilərəm.

- Həmin komanda "Qəbələ" ola bilər?

- Hələlik konkret ad yoxdur.

- "Qəbələ"dən yenidən "Sabah"a dönüşün öz qərarın idi, yoxsa rəhbərliyin?

- "Sabah"ın qırarı oldu. Deyildi ki, komandaya lazımsan və geri dönməlisən. Biz də peşəkar futbolçularıq və ona görə müqaviləm olduğu kluba döndüm.