Bir qrup "Neftçi" azarkeşi ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. Müraciət hazırkı klub rəhbərliyinin apardığı siyasətə etiraz olaraq hazırlanıb. Müraciəti Rekord.az-a çoxminli "Neftçi" azarkeşi adından klubun 60 illik fanatı Fazil Dadaşov təqdim edib. Müraciətin mətnini biz də sizə təqdim edirik:

 

 

Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə, çox minli "Neftçi" PFK-nun azarkeşləri  tərəfindən müraciət. Möhtərəm Cənab Prezident!   

Azərbaycanda idmana,  idman strukturlarına, federasiyalarda Azərbaycan idmanın inkişafı üçün, onun beynəlxalq aləmdə uğurlar qazanması üçün, dünya şöhrətli idmançıların yetişməsi üçün, Sizin dəstəyiniz,  diqqət və qayğınız öz bəhrəsini verir və bu nailiyyətlərə  bütün Azərbaycan idman sevərlər qürurlanırlar. Bu yaxınlarda Türkiyədə keçirilən 5-ci İslam Həmrəylik oyunlarında əldə edilmiş nailiyyət,  məhz Sizin idmana göstərdiyiniz böyük qayğı və dəstəyin təzahürüdür. Minnətdarıq Sizə,  Cənab Prezident! Var olasız! Çox əfsuslar olsun ki, belə nailiyyətlər Azərbaycan futbolundan uzaqlardadır. Uşaq futbolu, klublarda beynəlxalq standartların tələblərinə cavab vermir. Sizin, Futbolumuzun inkişafına dair dövlət proqramı haqqında  imzaladığınız sərəncam, kortəbii şəkildə,  qeyri-peşəkar səviyyədə həyata keçirilməyə başladı və sonda da heç bir nəticə vermədi. Dövlət büdcəsindən ayrılan 100 milyonların qarşılığında indi Azərbaycan futbolu, istər milli səviyyəsində istərsə də klublar səviyyəsində çox məyus edici bir duruma gəlib çıxlb. Klublar səviyyəsində, ilk dəfə Azərbaycan futbol tarixində heç kimin gözləmədiyi və inanmadığı bir zamanda mümkün olmayanı bacararaq ölkə  futbolunun mayakı və avanqardı olan hamımızın sevimli və doğma klubu "Neftçi"nin simasında, yüksək idarəçilik sayəsində, futbola peşəkar yanaşma müqabilində,  2012-ci ildə komandamız UEFA-nın Avropa liqasının qrup mərhələsinə vəsiqə qazanaraq, bütün futbol sevərləri,  idman ictimaiyyətini sevindirdi. Bundan sonra "Neftçi"mizin bu sıçrayışı, digər klublarımızı da həvəsləndirdi,  Qəbələ və Qarabağ təmsilçiləri də yüksək idarəçilik və klub futboluna düzgün yanaşma nəticəsində bu uğurları təkrar etdilər. "Qarabağ" futbol klubu, bu gün də, klub rəhbərliyində,  idarəçilikdə, məşqçilər heyəti ilə monolit birlik sayəsində bu uğurları əldə etməkdə davam etdirlər. Əlbəttə, bu bütün Azərbaycan futbol ictimaiətini sevindirir. Cənab Prezident, SSR-i dönəmində Azərbaycan futbolu güclülər dəstəsində "Neftçi"ilə təmsil olunub və bu klubun uğurları ölkə futbolsevərlərinin uğuru hesab edilirdi. Azərbaycanda futbol, "Neftçi" adı bağlı olub o illərdə. Azərbaycanda və digər sovet respublikalarında yaşayan 100 minlərlə azərbaycanlı futbol azarkeşləri televizorlar qarşısında əyləşib sevimli "Neftçi"nin oyunlarını böyük həvəslə izləyərdilər. Azərbaycanda futbol, "Neftçi"nin adı ilə bağlı olub və hamının sevimli klubuna çevrilmişdi. O zamanlar, 70-ci illərdə "Neftçi" futbol məktəbinin yetirmələri sovet futboluna bir çox dahi futbolçuları bəxş edib, onlar da güclülər dəstəsində SSSR-nin müxtəlif klublarında uğurlu çıxışları ilə böyük nailiyyətlər qazanırdılar. O dövrdə, Ulu Öndərimiz Heydər Əliyev "Neftçi"yə böyük qayğı və dəstək göstərirdi ki,  komandamız güclülər dəstəsində ölkəmizi layiqli və başı uca təmsil etsin. Lakin SSRİ-nin futbol federasiyasında bürokratik yanaşma nəticəsində, klubumuza çoxlu haqsızlıqlar edilirdi. "Neftçi" futbol məktəbinin yetirməsi olan, dünya şöhrətli futbolçumuz Banişevskiyə,  Bakıdan ayrılmamağına görə haqsızlıq edilərək onu futboldan uzaqlaşdırdılar. Ulu Öndərin nüfuzu sayəsində, iki illik diskalifikasiyadan sonra Banişevski yenidən futbola qaytarıldı. Ulu öndərimiz "Neftçi" azarkeşi idi, ona böyük qayğı göstərirdi. Dəfələrlə  respublika stadionunda "Neftçi"nin oyunlarını canlı izləyərdi. Cənab Prezident, Sizin də də, "Neftçi" azarkeşi olmağınız biz Neftçi azarkeşləri üçün böyük şərəfdir. "Neftçi", bu gün dövlətin komandası olmaqla, həm də xalqın komandasıdır. Dövlətin büdcəsindən ayrılan vəsaitlə yaşayır,  Dövlətin "Sokar"şirkətinin sponsorluğu ilə çıxış edir. "Neftçi" adına görə də Azərbaycanımızın rəmzidir, qəhraman neftçilərin sevimli klubudur, eləcə də həkimlərin, şairlərin, bəstəkarların,  müəllimlərin,  tələbələrin, fəhlələrin, alimlərin,  aktyorların,  müğənnilərin sevimli komandasıdır. Hörmətli, Prezident! Bu gün "Neftçi" klubu çox bərbad idarə olunur. Bu bərbad idarə olunma 2015-ci ildən bu yana kluba rəhbərlik edən şəxslərin futboldan uzaq olmalarıdır, futbol staretigiyalarının,  futbol fəlsəfələrinin həddindən artıq aşağı səviyyədə olması açıq-aşkar sezilir. 2015-ci ildən indiyə qədər, hər il 10-12 əcnəbi futbolçular transfer edirlər ki, onların da yarısından çoxu 6 aydan sonra təzminat ödənilərərək müqavilələrinə xitam verilib göndərilirlər. İllərlə futboldan uzaq qalmış, oyun praktikalarından uzaq qalmış,  lazımsız,  səviyyəsiz futbolçuların transferləri, eləcə də 7 il ərzində, 9-cu baş məşqçi ilə çalışmaq, dövlətimizin büdcəsindən ayrılan 100 milyonlarla xarici valyutanın kortəbii,  qeyri-peşəkar idarəçilik sayəsində xərclənməsi, 2015-ci ildən bu yana 70-ə yaxın əcnəbi futbolçuların transfer edilmələri nə deməkdir? Bu peşəkar yanaşma deyil, peşəkarlıqdan kənar bir yanaşmadır. Belə yanaşma bizim qəlbimizi ağrıdır və doğma "Neftçi"mizin bu günə qədər qeyri-futbol adamlarının idarəçiliyi sayəsində idarə olunmasına biganə qala bilmirik. Cənab Prezident, 10 milyonluq şanlı və qəhrəman Azərbaycan xalqının "Neftçi" azarkeşləri 100 minlərlədir. Bütün təbəqələrin nümayəndələrindən olan biz  "Neftçi"nin sadiq azarkeşləri, klubumuzun rəzalətdən,  rüsvayçı məğlubiyyətlərdən,  avropa oyunlarında davamlı fiaskolardan xilas olması arzusu ilə yaşayırıq. "Neftçi"  klubu 2010-2015  ci-illərdə, tarixinin qızıl dörünü yaşadı.   "Neftçi" ölkə çempionatında 5 kubok, 3 dəfə- çempionluq, 2 dəfə ölkə kubokunu əldə edərək, biz azarkeşlərə əvəz olunmaz sevincli illər bəxş olundu. Bu sevincli illər bizlərə, o zaman kluba rəhbərlik edənlərin, futbolun strategiyasını, fəlsəfəsini, incəliklərini düzgün bilən insanların peşəkar və savadlı idarəçiliklərinin böyük zəhmətləri nəticəsində əldə olundu və bizə ərmağan edildi. Cənab Prezident, biz azarkeşlər son 7 ildə çox üzüntülər yaşayırıq və yaşamaqda davam edirik. "Neftçi" bu gün, I divizion səviyyəsində idarə edilir. "Neftçi" əzəmətindən,  adından heç nə qalmayıb. "Neftçi"nin bu cür idarə olunması,  çox utancvericidir. 85 yaşlı qocaman "Neftçi" klubu daima dövlətin himayəsi ilə yaşayıb və sponsoru olan "Socar" Şirkəti tərəfindən maliyyələşərək çempionatmızda və avropanın liqa oyunlarında çıxış edir. Bu komanda dövlətimiz tərəfindən bizim babalarımıza,  atalarımıza,  xalqımıza ərmağan edilib. 2015 ci-ildə Ali futbol qurumumuz tərəfindən, "Neftçi" klubunda Müşahidə Şurasının  yaradılması haqqında qərar qəbul edilir və klubun idarəçiliyinə nəzarət, sponsor tərəfindən təyin edilmiş kuratorlarla bərabər, eyni zamanda AFFA-ya və eləcə də Müşahidə Şurasına həvalə olunur. 2010-2015 ci-illərdə klubu böyük nailiyyətlərə aparan  peşəkar şəxslər, klub idarəçiyinin saysız-hesabsız, futbol sahəsindən uzaq olan insanlar tərəfindən idarə olunmasını, "Neftçi"nin sonunun, başlanğıcına başlanmasını əvvəlcədən görərək, klub rəhbərliyindən  istefa verirlər. Doğrudan da 2015-ci ildən sonra xalqın komandası olan "Neftçi", xalqın əlindən alınaraq, "Sokar" tərəfindən təyin olunmuş kuratorların, AFFA-nın, Müşahidə Şurasının,  komandasına çevrildi və həmin ildən klubun tənəzzül illəri başladı. "Neftçi"  dövlətimizin,  ata-babalarımızın biz nefçisevərlərə qalan mirasıdır. Bu mirası biz göz bəbəyi kimi qoruyub və sevməyə davam etmək istəyirik. "Neftçi" bu gün, hələ də bir sıra fərdlərin şəxsi klubuna, inhisarına çevrilib sanki. Biz azarkeşlər hələ də bilmirik ki, klubun əsil sahibi kimdir, kuratorların kimliyi bilinmir, qərarlar kim tərəfindən verilir, Müşahidə Şurası nə işlə məşğul olur, klubda  prezidentin səlahiyyəti nəyə çatır? İki ildir dalbadal, avropada uğursuzluqlar yaşayırıq. Cənab Prezident, bu gün Klub rəhbərlərənin heç birisi futbol adamı deyil, bütövlükdə rəhbərlikdə, sırf bir nəfər də futbol adamının  olmaması, "Neftçi" kimi bir klubun  hansı peşəkarlıqla idarə olunmasına əyani sübutdur. "Neftçi"də heç də hər şey qaydasında deyil, sadə dildə desək yola verirlər, klubu. İllərdir ki, idman saytlarımız da, klub idarəçiliyinin qeyri-peşəkar idarə olunmasını, transfer siyasətinin düzgün olmayan, qeyri peşəkar səviyyədə aparılması  barəsində dəfələrlə mətbuatda, saytlarda məlumatlar yazsalar da, televiziyanın müxtəlif kanallarında futbol verilişlərində çıxış edən futbol mütəxəssisləri bu haqda fikir bildirsələr də, yenə heç bir yenilik, heç bir inkişaf müşahidə olunmur.  Möhtərəm Cənab Prezident!  İctimaət tərəfindən şikayət və müraciətlərə çox ciddi və müsbət yanaşmanızı bildiyimiz üçün, Sizə müraciət edirik. biz "Neftçi" klubunun  azarkeşlərinin  müraciəti,10 minlərlələ azarkeşlərin müraciətdir.  Bütün bu qeyd etdiklərimizi nəzərə alaraq, biz böyük neftçisevərlər ordusu, Sizdən imdad diləyirik. Bu gün "Neftçi"nin şöhrətinin, adının, qaytarılması, əvvəlki əzəmətinə qayıtması üçün son ünvanmız Sizin adınızdır. Xahiş edirik Sizdən, "Neftçi"yə kömək edin, xilas edin xalqın komandasını, futbolu bilməyən idarəçilərin əlindən... "Neftçi"nin, Sizin qayğınıza və dəstəyinizə böyük ehtiyacı var. Cənab Prezident, biz azarkeşlərin başqa bir çıxış yolu yoxdur, imdad gözləyəcəyimiz yeganə şəxs də Sizsiniz və "Neftçi" PFK-nın da, Sizə yad klub olmadığını bilərək, klubda köklü islahatların aparılması yönündə, klub rəhbərliyinə, klubumuzun adına yaraşan, "Neftçi" ruhunu canında yaşadanlara, futbol içərisindən çıxanlara, onu zirvələrə apara biləcək əllərə verilməsinə dair müvafiq qərar qəbul edəcəyimizə çox inanırıq və böyük ümidlərlə Sizə əvvəlcədən öz minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi qorusun, Möhtərəm Prezident! Həmişə var olun! Hörmətlə, "Neftçi" azarkeşləri.