Neftçala Rayon İcra Hakimiyyətini təşəbbüsü, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı və Neftçala rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" və Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibəti ilə rayonun idarə, müəssisə və təşkilatları arasında mini-futbol üzrə rayon birinciliyinin açılış mərasimi olub.

Rekord.az xəbər verir ki, açılışda YAP Neftçala rayon Təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyətinin məsul işçisi Vasif Əliyev, Neftçala rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əhmədov, Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala Təhsil sektorunun müdiri Nicat Cəfərov və adı çəkilən qurumların digər əməkdaşları və futbol komandaları iştirak edib.

İlk olaraq Ümummili liderimiz Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, mini-futbol üzrə rayon birinciliyi mərhələlərlə 09 may tarixinə qədər davam edəcək və sonda I, II, III yerə layiq görülən futbol komandaları, seçilən idmançı və hakimlər təşkilatçı qurumlar tərəfindən müvafiq diplom, medal və hədiyyə ilə təltif olunacaq.