Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çimərlik futbolu üzrə muxtar respublika çempionatda növbəti oyunlar keçirilib.
Uzunoba gölü ətrafında yeni inşa olunan çimərlik meydançası daha iki oyuna ev sahibliyi edib. Belə ki, ilk turda qələbə qazanan “Aralıq” komandası “Şahinlər” komandası ilə qarşılaşıb. Sərt mübarizə şəraitində keçən “B” qrupunun bu görüşü “Şahinlər”in qələbəsi ilə başa çatıb – 3:2
Günün ikinci oyununda “C” qrupunun təmsilçiləri - “Hava Limanı” və “Əlincə” komandaları üz-üzə gəlib. Görüşdə aeroport təmsilçiləri 7:0 hesabı ilə qələbə qazanıblar.
Qeyd edək ki, sabah çempionatda ikinci turun daha iki görüşü keçiriləcək. Belə ki, saat 18:15-də “Naxçıvan Dövlət Universiteti” – “Yaycı”, 19:15-də isə “Bənəniyar” – “Prestij” oyunları oynanılacaq.