“Qol vurmaqla bağlı problemimiz sanki adiləşib” – Rəşad Sadıqov
- 27 Okt 2026 23:58
- 34
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Səbail”ə qalib gəldikləri oyun (2:2, penaltilər seriyası: 3:2) barədə fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
"Oyundan əvvəl də bilirdik ki, bizi yüksək liqa səviyyəsində bir qarşılaşma gözləyir. Hətta son çempionat oyunundan öncə də futbolçularıma kubok matçında bizi nələrin gözlədiyini mütəmadi olaraq xatırladırdım. Qismətimiz elə gətirdi ki, ən güclü rəqiblərdən biri ilə qarşılaşdıq. “Səbail” heyətində yüksək liqa təcrübəsi olan futbolçuların çoxluq təşkil etdiyi, yaxşı formalaşmış komandadır. Gənc və yaxşı məşqçiləri var. Maraqlı futbol oynayırlar.
Bütün bunlara baxmayaraq düşünürəm ki, birinci hissədə və ikinci hissənin əvvəlində oyunun taleyini həll etməli idik. Çoxsaylı qol epizodlarından istifadə edə bilmədik. Qol vurmaqla bağlı problemimiz sanki adiləşib və hələ ki bunu həll edə bilmirik. Son dəqiqələrdə qol buraxdıq və oyun əlavə vaxta getdi. Maraqlı əlavə vaxt izlədik. Biz qol vurduq, sonra rəqib yenidən son dəqiqələrdə fərqləndi və penaltilər seriyasına keçildi. Hər iki qapıçı penalti zərbələrində yaxşı çıxış etdi. Sıx qrafikdə 120 dəqiqə oynamaq istəməzdik, amma başqa çarəmiz yoxdur. İndi çalışıb tez bərpa olmalı və üç gün sonra “Araz-Naxçıvan”la oyuna hazırlaşmalıyıq.
Məni məyus edən məqamlardan biri də budur ki, PFL-dən belə halları nəzərə almalarını xahiş edirəm. Yüksək səviyyəli rəqiblə qarşılaşırıq. Bundan üç gün əvvəl “Sumqayıt”la, ondan beş gün əvvəl isə səfərdə “Kəpəz”lə oynamışdıq. İndi kubok matçından cəmi üç gün sonra “Araz-Naxçıvan”la qarşılaşacağıq. Halbuki hamıya məlumdur ki, kubok oyunları 120 dəqiqəyə qədər davam edə bilər.
Bizdən sonra həmin meydanda başqa komandalar da oynayacaq. Onlar kubokda bizim qədər ciddi sınaqla qarşılaşmayıblar. Bu məqamlar nəzərə alınsa, çox yaxşı olar. Avrokuboklarda iştirak edən komandaların oyun təqvimində müəyyən güzəştlər edilir, uzun səfərlərə çıxan kollektivlər də nəzərə alınır. Nədənsə, bu dövrdə biz çox sıx qrafikə düşmüşük. Ən maraqlı qarşılaşmalardan birinin bu olacağı əvvəlcədən bəlli idi. Yaxşı olardı ki, hər iki komandaya daha çox bərpa vaxtı verilərdi.
Bütün bu problemlərə, heyətlə bağlı çətinliklərə baxmayaraq komandamızın mübarizəsindən razıyam. Ümid edirəm ki, “Araz-Naxçıvan”la oyuna qədər bərpa ola biləcəyik. Belə qarşılaşmalar komandaları daha da gücləndirir, futbolçularda möhkəm xarakter formalaşdırır.
Futbolda belə hallar tez-tez baş verir. Çoxsaylı qol epizodları yaradırsan, istifadə edə bilmirsən, rəqib isə fürsətlərini dəyərləndirir. Belə məqamlarda ruhdan düşməmək, sona qədər mübarizə aparmaq və mərhələni keçmək çox vacibdir. Sevindirici hal odur ki, futbolçularımız sona qədər xarakter nümayiş etdirdilər və nəticədə mərhələni keçən tərəf biz olduq".