Naxçıvan” Təlim Mərkəzində gənclər üçün ənənəvi “Hədəf” atış təlimi reallaşıb. Əlahiddə Ümumqoşun Ordu, Gənclər və İdman Nazirliyi və “Gənc Vətənpərlər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 30 gənc iştirak edib.

Rekord.az-a Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva “Hədəf” atış təliminin önəmindən bəhs edərək deyib ki, ötən illərdən etibarən keçirilən ənənəvi atış təlimlərində iştirak edən yüzlərlə gənc hədəfi düzgün nişanalma üsullarını öyrənib, qəhrəman hərbçilərimizin timsalında gənclərə nümunə olan milli dəyərlərə sahiblik, vətənpərvərlik və cəsurluq örnəyinin şahidi olublar.

Müzəffər Azərbaycan Ordusunda xidmət edən əsgər və zabitlərin qəhrəmanlıqlarını xatırladan şöbə müdiri deyib ki, qazandığımız şanlı qələbə ilə yanaşı, hər an Vətənimizin müdafiəsinə hazır olmalı, sabitlik və inkişafın qorunması üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.

Əlahiddə Ümumqoşun Ordunun zabitləri təlimin təhlükəsizlik qaydaları və icra olunacaq tapşırıqlar barədə məlumat verdikdən sonra gənclər təlim nöqtələrinə dəvət olunublar. Bu mərhələdə avtomatın natamam sökülüb-yığılması, hissələri və işləmə mexanizmi haqqında məlumat verilib, atəş tapşırığı və tibbi yardım simulyasiya edilib. Bir neçə qrupa bölünərək bütün təlim nöqtələri üzrə tapşırıqları yerinə yetirən gənclər əsas mərhələdə müxtəlif çaplı silahlardan atışlar icra ediblər. Təlimdə fərqlənən iştirakçılar diplomla təltif olunublar.