Müdaxilə zamanı
- 11:00
- 44
"Sumqayıt" "Zirə" sindromu"nu yenə qıra bilmədi və kubokda da uduzaraq mübarizəni dayandırdı. Çempionatda da 4-cü pillə ilə 7 xallıq fərq yaranıb. Açığı bu oyunla, bu futbola həmin fərqi arada qaldıracaqları da inandırıcı görünmür. Ötən gün geniş yazı yazmışdım, dünən efirdə də geniş çıxış elədim, yenidən bu haqda daha geniş yazmağa ehtiyac görnürəm. Hər şey göz önündədir və bugünkü kubok matçı da hər şeyi sübut etdi. Rəhbərlik müdaxilə etməsə, bu cür də davam edəcək. Çünki İliçin nəyisə dəyişəcəyi inandırıcı deyil, adam yenə gəlib mətbuat konfransında heç nə olmayıbmış kimi, ümumi, şablon danışıb gedib. Deyir çalışacayıq ki, daha yaxşı çıxış edək. Zalım oğlu, 2 aydan sonra çempionat quratrır e. Sən ki belə rahat, sakit olunca, hər oyun bir futbolçu hoqqabazlıq edib qırmızı vərəqə alacaq. Ninkoviçi gətiriblər ki, Seria A görüb, təcrübəli futbolçu kimi komandaya fayda versin, adam iki oyuna iki qırmızı vərəqə alıb. İliç də deyir ki, ola bilsin psixoloji problem var. Bura psixoloji mərkəzdi? Həm psixoloji problemi varsa, baş məşqçisən, çağır ikilikdə danış, problemini dinlə, hazır deyilsə, oyuna buraxma. Keçən dəfə də yazdım, əslində pis məşqçi deyil, bəzi hallarda onu da qınamıram, çünki əlinin altındakı material da o deyil. Amma problem odur ki, komanda oynamır, oynamaq istəmir. Biri var oynayıb uduzasan, camat da baxıb görsün ki, oynadın, vuruşdun, amma gücün çatmadı, səviyyən çatmadı, ustalığın çatmadı. Yoxsa sən çıx meydançada gəz, mübarizə aparma, oyunu yola ver, belə olmaz . İliçin də xarakteri çox yumşaqdı, futbolçulara təpinə, göz ağarda bilmir. Mədəni desək, futbolçular baş məşqçinin bu yumşaqlığından sui istifadə edir. Ona görə rəhbərlik müdaxilə etməlidir. Kim məsuliyyətsizlik edirsə, cəzalandırılmalıdır. Heç olmasa mövsümün bundan sonrakı hissəsini azarkeşlər üçün oynamaq lazımdı. “Böyük şəhərin tək komadası” deyirik, amma kiçik kəndin kiçik komandası belə bu cür biabırçı oynamır. Kubok matçlarını da saysaq, 10 oyuna cəmi 1 qələbə. Vaqif Cavadov belə, bu duruma düşməmişdi….
Anar XANLAROV