Milli komandada baş məşqçi istefası
- 2019-11-21 12:41
- 936
Futbol üzrə Rumıniya milli komandasının baş məşqçisi Kosmin Kontra istefa verib.
Rekord.az xəbər verir ki, 43 yaşlı mütəxəssis AÇ-2020-nin seçmə mərhələsinin sonuncu turunda İspaniyaya məğlub olduqları matçdan (0:5) sonra postundan ayrılmaq qərarına gəlib.
O, uğursuz nəticələrə görə azarkeşlərdən üzr istəyib: “Yığmadan gedirəm. Azarkeşlərdən üzr istəyirəm. Bundan artığını edə bilmədim. Millinin baş məşqçisi olduğum üçün heç vaxt peşman olmadım. İspaniya ilə oyundan qabaq gedəcəyimlə bağlı qərar vermişdim”.
Qeyd edək ki, F qrupunda mübarizə aparan Rumıniya yığması 10 oyuna topladığı 14 xalla 4-cü yeri tutub. Kontra bu komandanı 2017-ci ilin sentyabr ayından etibarən çalışdırırdı.