Son günlərin ən çox müzakirə olunan mövzularından biri də Sezar Meza Kollinin milliləşdirilməsidir. Böyük əksəriyyət bunu tənqid edir. Böyük əksəriyyət deyəndə təbii ki, futbol ictimaiyyətinin futbolu sevən insanlarını nəzərdə tuturuq. Şəxsi mənafeyini düşünənlər, AFFA-nın quyruq bulayanları təbii ki, ya səslərini çıxarmırlar, ya da buna haqq qazandırmağa çalışırlar. Amma reallıq odur ki, paraqvaylı futbolçunun milliləşdirilməsi Azərbaycan futbolu adına növbəti zərbə və ləkədir. 10 illik dövlət proqramı müddətində heç bir futbolçunun yetişməsinə təşəbbüs göstərməyən AFFA milyonları havaya sovurdu. Halbuki proqram başa çatandan sonra yerli futbolçular yetişməli, milliləşdirilmiş futbolçular yavaş-yavaş yoxa çıxmalı idi. Lakin hər şey əksinə gedir. Federasiya yenə əsas milli başda olmaqla müxtəlif yaş qruplarından ibarət millilərə legioner axınını davam etdirir. Meza Kolli də bu siyahının növbəti nümayəndəsidir. Bu milliləşdirmə bizə lazımdır? Şəxsi fikrimdir ki, xeyr. 


Birincisi, Meza Kolli o səviyyədə futbolçu deyil ki, bizim millinin problemini həll etsin. Ola bilsin hansısa Əlidən, Vəlidən güclü olsun. Amma söhbət ondan gedir ki, qlobal problemi həll edəcək səviyyədə biri deyil. Milli sabah çıxıb "Səbail"ə, "Sabah"a qarşı oynamayacaq ki, biz Meza Kolliyə güvənək. Vaxtı ilə bu millidə paraqvaylıdan heç də zəif olmayan Qomeş, Ramim, Ladaqa, Muzika və s. kimi futbolçular oynayıb. Onların həll edə bilmədiyi problemi Meza Kolli həll edəcək?  Almeydanın dirildə bilmədiyi mövqeni Meza Kolli dirildəcək?


İkincisi, axı biz niyə hansısa paraqvaylının ümidinə qalmalıyıq? Özümüz niyə futbolçu yetişdirmirik? AFFA-nın adını çəkəcəm deyəcəklər ki, AFFA neyləsin, futbolçu klublarda yetişir. Bəli, mən də bilirəm ki, futbolçular klublarda yetişir. Amma o klublar müstəqil olsa da özbaşlarına siyasət yürütmürlər. AFFA-nın relqmaneti, əsasnaməsi əsasında fəaliyyət göstərirlər. AFFA lazımsız limit qoyaraq 21 yaşlı futbolçuların məcburi əsas heyətdə oynamasını təmin edirsə və həmin futbolçular da arxayınlaşaraq artırmırlarsa, səviyyələrini yükəltmirlərsə, bunun günahı həm də kimdədir? 


Digər bir məsələ də ondan ibarətdir ki, hazırda elıitada oynayan 8 klubun 6-ı bu və ya digər formada AFFA-dan asılıdır. "Neftçi", "Keşlə", "Səbail", "Sumqayıt" birbaşa AFFA-dan idarə olunur. Birbaşa. "Sumqayıt"ın A-dan Z-ə bütün strategiyasını AFFA müəyyənləşdirirsə və millilər üçün futbolçu yetişdirmək missiyası ilə yaradılan klub bu günə qədər bir nəfər də milli səviyyəsində futbolçu yetişdirməyibsə, bunun günahı kimdədir? Yaxud az qala inzibatçısının da AFFA tərəfindən təyin olunduğu "Səbail" Essyen kimi vaxtı keçmiş futbolçuya bir ətək pul verib aşağı yaş qruplarından ibarət komandaları üçün bir avtobus almırsa və bu durumda da yerli futbolçu yetişmirsə, bunun məsuliyyətini kim daşıyır? 


Ona görə də bütün bu problemlərin başında AFFA dayanır. Futbolumuzda bazar açan AFFA. Yəqin bilirsiniz də "store" son zamanlar Azərbaycanda çox yayılan sözlərdən biridir. Ticarət mərkəzlərinin adlarının sonuna əlavə olunur. "Bazar store", "Bahar store", "Meqa store"... "Meqa store" demişkən, elə Meza Kollinin milliləşdirilməsi şərəfinə bu "ticarət mərkəzi"nin də adını "Meza store" qoyaq...
 

Anar XANLAROV