Rekord.az “Kəpəz”in hücumçusu Rauf Əliyevin futbolinfo.az saytına müsahibəsini sizə təqdim edir:

 

 

– Misli Premyer Liqasının 4-cü turunda “Səbail”lə oyunda hesabı açsanız da, davamını gətirə bilmədiniz? Qələbə hesabını qorumağınıza nə mane oldu?

– Birinci hissədəcə oyunun taleyini həll edə bilərdik. Hesabı erkən açdıq, üstəlik, kifayət qədər qol şansları yaratdıq. Onlardan yararlana bilsəydik, ikinci hissəyə fərqli ab-havada çıxardıq. İkinci hissəyə istəmədiyimiz kimi başladıq. Qısa zamanda ardıcıl qollar buraxdıq.

– İlk 4 tura əsasən demək olar ki, bir qol buraxan kimi komanda “sınır”. Bu, nədən qaynaqlanır?

– Həqiqətən də artıq neçə oyundur ki, bir qol buraxandan sonra qapımızda ardıcıl toplar görürük. Nədən qaynaqlandığını bilmirəm. Amma bir neçə dəfə bu hal təkrarlanıb.

– 69-cu dəqiqədə qırmızı vərəqə aldığınız epizodda nələr baş verdi?

– Səhv eləmirəmsə, hakim yanlış başa düşdü. Bəlkə də elə bildi ki, onun ünvanına nalayiq söz işlətmişəm. Halbuki ona heç nə deməmişdim. Rəqibin braziliyalı müdafiəçisi Qustavo de Fransa bir neçə dəfə topsuz yerdə məni vurdu. Mən də buna əsəbləşdim, 2-3 dəfə baş hakim Tural Qurbanova dedim ki, rəqibin oyunçusu topsuz məni vurur, VAR da var, baxın. Axırıncı dəfə vuranda da hirsləndim, ağzımdan söyüş çıxardım. Həmin söz heç kimin ünvanına deyildi, sadəcə, əsəbimdən öz-özümə deyinmiş kimi oldum. Bircə onu dedim ki, vurur da məni, yenə görmürsünüz? Sonra ehtiyat hakim baş hakimi çağırdı və belə qərar verdilər. Səhv başa düşdülər ki, qırmızı vərəqə aldım.

– Yəni qırmızı vərəqəlik heç nə yox idi?

– Xeyr, qırmızı vərəqə veriləcək bir şey deyildi.

– “Səbail”in baş məşqçisi Mahmud Qurbanovla matçdan sonrakı mübahisənizin səbəbi nə oldu?

– Mahmudun olduğu “skameyka”nın yuxarısındakı tribunada mənim dost-tanışım oturmuşdu. Oyun bitdikdən sonra onlar mənə dedilər ki, söyüş söydüyümü hakimə bildirən elə Mahmud olub. Amma həmin vaxt sözlərim nə onlara, nə də hakimə ünvanlanmışdı. Mahmud da gedib hakimi qızışdırıb. Mən də ona bildirdim ki, sənin hakimə gedib deməyin yaraşmaz.

– Oyundan sonra Mahmud Qurbanovla əlbəyaxa olduğunu deyilir. Doğrudur?

– Xeyr, əlbəyaxa olmayıb, sadəcə, ona sözümü çatdırdım, vəssalam. Başqa adamlar var idi, ikimizi də çəkib oradan uzaqlaşdırdılar.

– “Səbail”in baş məşqçisi bildirdi ki, Rauf yayda “Səbail”də qalmaq istəyirdi, mən saxlamadım və çox güman ki, bundan incik düşüb. Həqiqətən də aqressiyanızın səbəbi budur?

– Bu, acizyana açıqlamadır. İndiyə qədər bəlkə də 10-dan çox klubda oynamışam. Heç birində də ayrılarkən baş məşqçi ilə problem yaşamamışam. Ötən mövsümün sonunda da “Səbail”lə müqaviləm bitmişdi, ayrılmağım normal idi. Bu, onun fikridir.

– Qırmızı vərəqə ilə bağlı baş məşqçi və ya rəhbərliyin sizinlə söhbəti oldu?

– Dünənki matçın ardından ayaqüstü söhbət olub, amma oturub danışmamışıq. Başverənlərin hamısı göz qabağında idi.